Səddam Hüseyni dindirən MKİ zabiti bunları İLK DƏFƏ danışdı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Con Nikson İraqın sabiq prezidenti Səddam Hüseynin saxlanılması və dindirilməsi ilə bağlı uzun illər gizli qalan maraqlı detalları açıqlayıb.

Jul 31, 2026 - 17:20
Səddam Hüseyni dindirən MKİ zabiti bunları İLK DƏFƏ danışdı

SAVASHMEDİA.az xəbər verir ki, Səddam Hüseyn 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsindən sonra Bağdaddan qaçaraq aylarla gizlənməyi bacarıb. 

Niksonun sözlərinə görə, o, tərəfdarlarının köməyi ilə tez-tez yerini dəyişir, əsasən gecələr hərəkət edir və ABŞ qüvvələrinin axtarışından yayınmağa çalışırdı.

Səddamın qaçaq həyatı 2003-cü il dekabrın 13-də başa çatıb. O, doğulduğu Tikrit şəhəri yaxınlığındakı Əd-Dəvr qəsəbəsində yerləşən fermada, yeraltı "hörümçək yuvası" kimi tanınan dar sığınacaqda ABŞ hərbçiləri tərəfindən yaxalanıb. Saxlanılarkən üzərində tapança və böyük məbləğdə ABŞ dolları olsa da, müqavimət göstərməyib.

Nikson bildirib ki, Səddamı ilk dəfə görəndə onun kimliyinə zərrə qədər şübhə etməyib. İllərlə onun dosyesini araşdırdığı üçün qarşısındakı şəxsi dərhal tanıyıb. Keçmiş MKİ əməkdaşının sözlərinə görə, ən böyük təəccübü isə Səddamın son dərəcə sakit, özünəinamlı və soyuqqanlı davranışı olub. O, əsir olmasına baxmayaraq, söhbətin dindirmədən formasında yox, dialoq üslubunda aparılmasını istəyib.

Dindirmə zamanı Səddam İraqda kütləvi qırğın silahlarının olmadığını bildirib və ABŞ-nin bu iddia ilə müharibəyə başlamasını yanlış qərar adlandırıb. O, həmçinin "Əl-Qaidə" ilə əməkdaşlıq etmədiyini deyərək, Üsamə bin Ladeni "fanatik" adlandırıb.

Nikson daha bir məşhur iddianı da təkzib edib. Onun sözlərinə görə, Səddam Hüseynin çoxsaylı oxşarları olduğu barədə yayılan fikirlər reallığı əks etdirmirdi və bu barədə heç bir sübut tapılmayıb.

Səlcuq