Səfərov qardaşları ürək çatışmazlığından ölməyib - Ədalət Həsənov
Yekaterinburqda saxlanıldıqdan sonra həlak olan azərbaycanlılar Ziyəddin və Hüseyn Səfərovların meyitlərində çoxsaylı bədən xəsarətləri qeydə alınıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin rəisi Ədalət Həsənov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, məyitlərdə burun sınığı, döş qəfəsinin deformasiyası, hematoma və qançırlar aşkarlanıb.
Azərbaycanlı məhkəmə-tibb ekspertlərinin rəyinə görə, Ziyəddin Səfərov aldığı çoxsaylı xəsarətlər nəticəsində “postravmatik şok”, qardaşı Hüseyn isə “postravmatik və post-hemorragik şok” (sonuncu kəskin qan itkisi nəticəsində baş verir) nəticəsində dünyasını dəyişib.
“İkinci yarılma zamanı ciddi ziddiyyət üzə çıxdı. Rusiya tərəfi ölümün səbəbi kimi ürək çatışmazlığını göstərsə də, biz tamamilə fərqli, geniş yayılmış xəsarətlər aşkarladıq”, - deyə Ədalət Həsənov jurnalistlərə söyləyib.
İyunun 27-də Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələri tərəfindən bu ölkənin vətəndaşlığı olan azərbaycanlılar xüsusi amansızlıqla həyata keçirilən əməliyyat zamanı saxlanılıb. Rusiya İstintaq Komitəsi bu əməliyyatın 2001-ci ildən 2011-ci ilə kimi üzvləri qətl törətmiş etnik qrupla bağlı işlə əlaqədar keşirildiyini iddia edib. İş üzrə iki təqsirləndirilən şəxs işgəncələrdən sonra dünyasını dəyişib. Rusiya tərəfi iddia edib ki, onlardan biri ürək tutmasından dünyasını dəyişib (Azərbaycan tərəfi qeyd edir ki, bu, Ziyəddin Səfərovdur). İkincinin ölüm səbəbi hələ müəyyən edilməyib.
Azərbaycan hadisə ilə bağlı Rusiya tərəfinə etiraz edib. Səfərov qardaşlarının meyitləri dünən Yekaterinburqdan Bakıya gətirilib. Bu gün onlar Azərbaycanın Ağcabədi rayonunda dəfn olunublar.
Xatirə SADİQ