Suriya prezidenti onu həbs etmiş amerikalı generala müsahibə verdi
Suriya prezidenti Əhməd əl-Şaraa vaxtilə İraqda onu həbs etdirən ABŞ generalı Devid Petreus ilə Nyu-Yorkdakı siyasi forumda bir araya gəlib.
SAVASHMEDİA.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, forumda müsahibə üçün səhnəyə çıxan Suriya prezidenti Əhməd əl-Şaraa və hazırda təqaüddə olan ABŞ generalı Devid Petreus vəziyyətin özəlliyini etiraf ediblər.
Amerikalı general yaranmış məqamdan həm də Əl-Şaraanı tərifləmək üçün istifadə edib. “Onun üsyançı liderdən dövlət başçısına qədər keçdiyi trayektoriya Yaxın Şərq tarixində ən dramatik siyasi transformasiyalardan biri olub”, - deyə Petreus tamaşaçılara bildirib.
“Vaxt vardı biz döyüş əməliyyatları keçirirdik, indi isə söhbətlərə keçirik”, - əl-Şaraa gülümsəyərək əlavə edib.
“Əl-Qaidə” komandiri kimi karyerası haqqında danışan əl-Şaraa bildirib ki, “bəlkə də keçmişdə səhvlər olub”, lakin indi əsas olan Suriya xalqını və bölgəni qeyri-sabitlikdən qorumaqdır.
Onun sözlərinə görə, müharibədən keçmiş insanlar sülhün vacib olduğunu bilirlər: “Biz keçmişi bu günün qaydalarına əsasən mühakimə edə bilmərik və bu günü də keçmişin qaydalarına əsasən mühakimə edə bilmərik. Bizim bu xəttə sadiqliyimiz bizi bu gün burada müttəfiqlər və dostlar arasında oturmaq üçün Nyu Yorka gətirdi”.
Suriya prezidenti qeyd edib ki, dəstəyə layiq “nəcib” iş üçün mübarizə apardığına inanır. Onun sözlərinə görə, Suriya xalqı yeni hökumət ətrafında cəmləşib və hazırda ölkənin iqtisadi inkişafı və birləşməsi prioritetdir.
Əl-Şaraa bu mənada ABŞ Konqresindən Suriyaya sanksiya tətbiq edən 2019-cu il Sezar Suriya Mülki Müdafiə Aktını ləğv etmək tələbini təkrarlayıb.
Suriya azlıqlarının, o cümlədən şimaldakı kürd əhalisinin müdafiəsi ilə bağlı mövqeyini bir daha xatırladan əl-Şaraa diqqətə çatdırıb ki, kürd silahlı qüvvələri dövlətin himayəsi xaricində fəaliyyət göstərməməlidir, çünki hökumət və onun ordusu silahı olan yeganə qurum olmalıdır.
Əsədin devrilməsindən sonra İsrailin Suriyaya 1000-dən çox hücum etdiyini və Colan təpələrini işğal altında saxladığını qeyd edən əl-Şaraa bildirib ki, Suriya yenidən qurulmağa və başqa bir müharibədən yayınmağa diqqət yetirir. Buna görə də ABŞ-nin vasitəçiliyi ilə İsraillə təhlükəsizlik barədə danışıqlar aparılır.
Xatırladaq ki, İraqın işğalı zamanı ABŞ qoşunlarına rəhbərlik edərkən Devid Petreusun hərbçiləri o zaman “Əl-Qaidə”nın üzvü olan və amerikalılara qarşı vuruşan Əl-Şaraanı həbs etmişdilər. Əl-Şaraa sərbəst buraxıldıqdan sonra 2012-ci ildə Əsədə qarşı mübarizə aparmaq üçün Suriyada “ən-Nusra” cəbhəsini yaratmışdı. Dörd il sonra “Əl-Qaidə” ilə əlaqələrini kəsmişdi. Bir il sonra isə “ən-Nusra” digər qruplarla birləşərək əl-Şaraanın rəhbərlik etdiyi “Həyat Təhrir əl-Şam”ı (HTS) yaradır.
ABŞ “Əl-Qaidə” ilə keçmiş əlaqələri əsas gətirərək 2018-ci ildə HTŞ-ni “terror təşkilatı” elan etmiş, əl-Şaraanın başına 10 milyon dollar mükafat qoymuşdu. Bu, qərar yalnız dekabrın sonunda aradan qaldırıldı.
Xatirə SADİQ