Kreml Trampa narazılığını bildirdi - “Razılaşa bilmərik…”

“Kreml ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna hərbi münaqişəsi ilə bağlı bütün bəyanatları ilə razılaşa bilməz”.

Sep 24, 2025 - 17:46
Kreml Trampa narazılığını bildirdi - “Razılaşa bilmərik…”

SAVASHMEDİA.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov RBC radiosunda bildirib. 

Kremlin sözçüsü ABŞ prezidentinin tonunu dəyişməsini onun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü ilə əlaqələndirib.

“Onların arasında dünən görüş oldu. Təbii ki, cənab Tramp baş verənləri Zelenskinin versiyasında eşitdi. Və, görünür, eşitdiyimiz qiymətləndirmənin səbəbi həmin məqamdakı versiya olub”, - deyə Peskov iddia edib.

Kremlin indiyə qədər Trampın açıqlamalarına reaksiya verməməsinə münasibət bildirən Peskov bunu vaxtla əlaqələndirib: “Tramp açıqlamalar verəndə Moskvada artıq gecə başlamışdı. Kreml gecə saatlarında reaksiya versəydi, qəribə olardı”.

Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Zelenski ilə görüşdən sonra Tramp Rusiyanın Ukrayna müharibəsindəki iştirakını “mənasız” adlandırıb. O, Rusiya iqtisadiyyatının “dəhşətli vəziyyətdə” olduğunu qeyd edib, Rusiya və onun ticarət tərəfdaşlarına yeni tariflərin tətbiqi ehtimalını gündəmə gətirib, eləcə də digər ölkələri Rusiyanın enerji məhsullarını aldıqlarına görə tənqid edib.

Amerika lideri bəyan edib ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün itirilmiş əraziləri geri ala bilər və “bəlkə də daha da irəli gedə bilər”. 

Tramp qeyd edib ki, o, bu qənaətə Ukraynadakı münaqişədə “hərbi və iqtisadi vəziyyəti nəzərdən keçirdikdən və tam dərk etdikdən” sonra gəlib.

Xatirə SADİQ