"Toyxanadan gəlib, hansısa yollarla Xalq artisti olanlar..." - Teymur Əmrahdan SƏRT SÖZLƏR
Əməkdar artist Teymur Əmrah diqqətçəkən açıqlamalar verib.
SAVASHMEDİA.az xəbər verir ki, "Qapqara" yutub layihəsinə danışan sənətçi musiqimizin bu yolla xilas olacağını bildirib:
"Düzdür, çox gecdir. İttifaqlar mənə tabe olsaydı, musiqimizi düzəldərdim. Tək mədəniyyət naziri vəzifəsində işləməklə Azərbaycan mədəniyyətini xilas etmək mümkün deyil. Çünki reklam ən çox efirdən gedir. Televiziya Şurası mənim balansıma gəlməlidir. Bu gün 4 kanal var ki, mən onları bağlayardım. Ehtiyac yoxdur verlilişləri dəyişməyə. Balaca ölkəyə 4 kanal bəsdir. Bu 4 kanalda da intellektual verilişləri artırardım. Qoy xalq instaqramda, tik-tokda hara istəyirlərsə, baxsınlar. Vaxt gələcək və oyanacaqlar ki, kanallarda intellektual verilişlər gedir. Mədəniyyət Nazirliyinin balansında olan teatrlarda, filarmoniyalarda, mədəniyyət şöbələrində, muzeylərdə çox güclü attestasiya keçirərdim. Problem müstəqil kanallardadır. 3-4 il əvvəl cənab Prezident mədəniyyət xadimlərini qəbul etdi. Orada Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə xahiş etdi ki, televiziyalarda Bədii Şura olsun. Onlar da dediki, olsun. Azərbaycan Dövlət Televiziyasının Bədii Şurasına lazımi adamlar seçildi. Deyək ki, orada Xalq artistləri Mübariz Tağıyev, Faiq Sücəddinov var. Müstəqil kanallarda isə toyxanadan gəlib, hansısa yollarla Xalq artisti adına kimi qalxanı gətirib, Bədii Şuraya rəhbər qoydular. Xalq artisti Xuraman Qasımova Azərbaycan Dövlət Televiziyasının Bədii Şurasındadır. O, özü gəlib "Xəzər TV", ARB, ATV kanalında Bədii Şurada olsaydı, toyxanadan gəlib Xalq artisti olanları efirə buraxmazdı. Deyərdi ki, "Siz Xalq artisti ola bilərsiz, amma ifanızda estetika, məktəb yoxdur. Siz keyfiyyətli özfəaliyyət ifaçısısınız. Siz Bədii Şurada otura bilməzsiniz". Yəqin, kimsə lazım olan insanlara deyib ki, bizim arağı da, özfəaliyyət müğənnisini də reklam etməyə ixtiyarımız var. Çünki buraya pul ödənilir, özümüz-özümüzü maliyyələşdiririk".