Tramp Suriya ilə bağlı vədini yerinə yetirdi

ABŞ prezidenti Donald Tramp may ayında verdiyi vədi yerinə yetirərək Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib.

Jul 1, 2025 - 10:41
Tramp Suriya ilə bağlı vədini yerinə yetirdi

SAVASHMEDİA.az bu barədə “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir.

Trampın sərəncamı onilliklər boyu davam edən iqtisadi blokadanı aradan qaldırır, eyni zamanda Suriyanın Livanı işğal etməsindən, kütləvi qırğın silahlarına və raket proqramlarına can atmasından sonra ABŞ-nin keçmiş prezidenti Corc Buşun tətbiq etdiyi fövqəladə vəziyyətin də ləğv olunmasını nəzərdə tutur. 

Bu qərar Trampın may ayında Suriyanın yeni prezidenti Əhməd əl-Şara ilə görüşündə əldə olunan razılaşmaların nəticəsində mümkün olub.

Əl-Şaranın keçmişdə “Əl-Qaidə” yaraqlısı kimi İraqda ABŞ qüvvələrinə qarşı vuruşmasına və məşhur Əbu Qreyb həbsxanasında cəza çəkməsinə baxmayaraq, Vaşinqton bu addımın Suriyada sabitliyi saxlamaq üçün imkan ola biləcəyinə inanır.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt sərəncamın imzalanmasından əvvəl jurnalistlərə bildirib ki, Trampın hərəkətləri “ölkənin sabitlik və sülhə gedən yolunu təşviq etmək və dəstəkləmək” məqsədi daşıyır. 

“Fərman Suriyaya qarşı sanksiyaları ləğv edəcək, lakin keçmiş prezident Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara, narkotik alverçilərinə, kimyəvi silahla əlaqədar şəxslərə, silah fəaliyyətinə, İŞİD və onun tərəfdarlarına, eləcə də iranlı muzdlulara qarşı sanksiyaları davam etdirəcək”, - deyə Ağ Evin sözçüsü vurğulayıb.
 
Xatirə SADİQ