Türkiyə–İsrail savaşı olarsa... – Hərbi üstünlük kimdə olacaq? + TƏHLİL + VİDEO

Birləşmiş Ərəb Əmirliklərinə  (BƏƏ) məxsus  “Sky News Arabia” telekanalı Yaxın Şərqdə gərginliyin artması fonunda Türkiyə və İsrail ordularının hərbi imkanlarını müqayisə edib.

Sep 19, 2026 - 17:12
Sep 19, 2026 - 17:19
Türkiyə–İsrail savaşı olarsa... – Hərbi üstünlük kimdə olacaq? + TƏHLİL + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, təhlildə iki ölkənin mümkün hərbi qarşıdurma ssenarisi nəzərdən keçirilib. 
Bildirilib ki, Türkiyə və İsrailin quru sərhədi olmadığı üçün mümkün birbaşa qarşıdurmada hava qüvvələri, hava hücumundan müdafiə sistemləri və dəniz qüvvələri əsas rol oynayacaq. Telekanal həmçinin Türkiyənin NATO üzvü olmasına, strateji coğrafi mövqeyinə və sürətlə inkişaf edən müdafiə sənayesinə diqqət çəkib.

Canlı qüvvə

Türkiyə Silahlı Qüvvələrinin 480 min aktiv hərbi qulluqçusu, 380 min ehtiyat hərbçisi, İsrail ordusunun isə 170 min aktiv hərbçisi və 450 min ehtiyat qüvvəsi var.

Donanma 

Təhlildə iki ölkənin dəniz qüvvələri də müqayisə olunub. Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin 16-dan çox freqat, 9 korvet və 12 sualtı qayıqdan ibarət donanması var. Türkiyənin “TCG Anadolu” gəmisi də xüsusi vurğulanıb. Bildirilib ki, bu sadalananlar Türkiyəyə Aralıq dənizində genişmiqyaslı dəniz əməliyyatları aparmaq və dəniz blokadası yaratmaq imkanları verir.

İsrail donanmasının isə daha kiçik ölçülü olduğu və əsasən ölkənin sahil xəttinin, dəniz kommunikasiyalarının və təbii qaz yataqlarının qorunmasına fokuslandığı qeyd olunub.

PUA-lar

Analizin diqqət çəkən hissələrindən biri pilotsuz uçuş aparatları ilə bağlı olub. Türkiyənin “Bayraktar TB2”, “Bayraktar TB3” və “Kızılelma” pilotsuz döyüş təyyarəsi ilə bu sahədə mühüm imkanlar formalaşdırdığı bildirilib. “Sky News Arabia” Türkiyəni pilotsuz uçuş aparatları sahəsində supergüc kimi xarakterizə edib.

İsrailin isə “Heron” və “Hermes 900” kimi pilotsuz sistemlərdən istifadə etdiyi, əsas diqqəti kəşfiyyat və dəqiq zərbə imkanlarına yönəltdiyi qeyd edilib.

Döyüş təyyarələri

Hava qüvvələrinin müqayisəsində isə fərqli mənzərə ortaya çıxıb. Türkiyənin modernləşdirilmiş F-16 parkı və milli döyüş təyyarəsi olan KAAN layihəsi təhlildə xüsusi qeyd olunub.

İsrailin F-35I “Adir”, F-15 və F-16 qırıcılarından ibarət hava qüvvələri keyfiyyət baxımından daha üstün qiymətləndirilib. Xüsusilə F-35I “Adir” təyyarələrinin inkişaf etmiş sensor sistemləri, elektron müharibə imkanları və radarda daha az görünməsi kimi xüsusiyyətlərinə diqqət çəkilib.

(“Adir” – F-35-in dünyada rəsmi olaraq öz proqram təminatını, elektron müharibə (EW) və rabitə sistemlərini əsas Amerika arxitekturasına inteqrasiya etməsinə icazə verilən yeganə versiyasıdır.
Yəni İsrail ABŞ-dən asılı qalmadan “Adir” qırıcısını bir neçə saat ərzində yeni növ yerli raketlərlə silahlandıra, yeniləyə və düşmən radarlarına qarşı yeni elektron alqoritmlər tətbiq edə bilər.
ABŞ F-35 qırıcı təyyarələrini digər ölkələrə, məsələn, Böyük Britaniya, Yaponiya və ya Almaniyaya satdıqda onları “qara qutu” kimi təhvil verir. Bu o deməkdir ki, İsraildən fərqli olaraq, digər alıcıların təyyarənin proqram təminatına müdaxilə etməsi, bort kompüterində dəyişiklik etməsi və ya öz elektron sistemlərini F-35-ə inteqrasiya etməsi qadağandır. — SAVASHMEDİA.az-ın qeydi)

Tanklar

Quru qoşunları üzrə müqayisədə Türkiyənin tank parkının daha geniş olduğu bildirilib. Türkiyənin “Leopard”, M60 və yerli “Altay” tanklarından ibarət ümumilikdə 2 284 tankı var.

İsrailin quru qoşunlarının əsasını isə “Merkava 4” və “Merkava 5” tankları təşkil edir. Bu tanklar “Trophy” aktiv müdafiə sistemi ilə təchiz edilib. İsrail quru qüvvələrində saydan daha çox texnoloji imkanlara diqqət yetirir.

Qeyd edək ki, təhlildə iki ölkənin hərbi potensialının yalnız canlı qüvvə, tank və ya təyyarələrinin sayı ilə ölçülə bilməyəcəyi də vurğulanıb. Bildirilib ki, mümkün qarşıdurmada hava üstünlüyü, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat, elektron müharibə, raket imkanları, logistika və əməliyyat təcrübəsi kimi amillər də mühüm rol oynaya bilər.

Beləliklə, Türkiyənin xüsusilə canlı qüvvə, dəniz qüvvələri və pilotsuz sistemlər baxımından geniş imkanları, İsrailin isə müasir döyüş təyyarələri və hava qüvvələrinin texnoloji imkanları ön plana çıxarılıb.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)