"Türkiyənin agenti", Paşinyanın dostu və... - Yeni spiker Ruben Rubinyan kimdir?
Ermənistan parlamentinin yeni sədri seçilən Ruben Rubinyan son illərdə ölkənin xarici siyasətində ən tanınan simalardan biri hesab olunur.
SAVASHMEDİA.az xatırladır ki, Ruben Rubinyan son illərdə həm Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə aparılan danışıqların əsas iştirakçılarından, həm də Azərbaycanla sülh prosesi ilə bağlı rəsmi İrəvanın əsas nümayəndələrindən biri kimi tanınıb.
Ruben Rubinyanı daha yaxından tanımağa çalışaq: kimdir o?
İrəvanda doğulub, siyasi ailədə böyüyüb
Ruben Karapeti Rubinyan 8 mart 1990-cı ildə İrəvanda anadan olub. Atası Karapet Rubinyan Ermənistanın ilk müstəqillik illərində parlament sədrinin müavini, ölkənin tanınmış və maddi baxımdan kifayət qədər imkanlı siyasətçilərindən olub.
O, İrəvan Dövlət Universitetində təhsil aldıqdan sonra Böyük Britaniyanın University College London (UCL) universitetində və Polşadakı Yagellon Universitetində magistr təhsili alıb.
Gənc yaşda yüksək vəzifəyə yüksəlib
1990-cı il təvəllüdlü Ruben Rubinyan Ermənistanın ən gənc yüksək vəzifəli siyasətçilərindən biri hesab olunur. O, 30 yaşına çatmamış parlamentin rəhbərliyində təmsil olunub, 36 yaşında isə ölkənin qanunverici orqanına rəhbərlik etməyə başlayıb.
Siyasi müşahidəçilərin fikrincə, Rubinyanın parlament sədri seçilməsi Nikol Paşinyan komandasının xarici siyasət kursunda ciddi dəyişiklik etməyəcəyinə işarə edir.
Paşinyanın komandasındandır
2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ruben Rubinyan deputat seçilib və qısa müddətdə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının aparıcı simalarından birinə çevrilib.
2021-ci ildən parlament sədrinin müavini vəzifəsini tutan Rubinyan bu gün parlament sədri seçilərək Alen Simonyanı əvəz edib.
Türkiyə ilə danışıqların əsas siması
Rubinyan 2021-ci ildən Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. Bu müddətdə o, Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç ilə bir neçə raund görüş keçirərək iki ölkə arasında münasibətlərin bərpası istiqamətində danışıqlar aparıb.
Ermənistan müxalifəti onu Türkiyə ilə dialoqa görə daim sərt tənqid edib, hətta parlamentdə bəzi deputatlar Rubinyanı "Türkiyə agenti" adlandırıblar.
O, parlament sədri seçildikdən sonra bu vəzifədən ayrılacağını açıqlayıb.
Azərbaycanla bağlı mövqeyi
Ruben Rubinyan son illərdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı ən çox açıqlama verən erməni rəsmilərdən biridir.
O, Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində danışıqların davam etdirilməsinin vacibliyini dəfələrlə bəyan edib.
Bununla yanaşı, müxtəlif beynəlxalq platformalarda Azərbaycanın Qarabağ və regional məsələlərlə bağlı siyasətini tənqid edən çıxışları ilə də diqqət çəkib.
Səlcuq