Xanımı üçün lüks sauna tikdirən icra başçısı ustaların pulunu ödəmir? - FOTOLAR
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibov Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə usta və fəhlələrin 53 min manatını ödəməkdən boyun qaçırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə manşet.az-a bir qrup usta və fəhlə müraciət edib.
Şikayətçilər eks-icra başçısının müxtəlif əmlakları və bahalı avtomobillərinin olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini bildiriblər.
“Bütün işlər tamamlanıb, amma o bizim haqqımızı verməkdən boyun qaçırır”, - orada çalışan fəhlə və qrup rəhbəri Ruslan Quliyev söyləyib.
Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, zəhmətləri qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər: “Bizim haqqımızı vermədiyi halda, heç bir çətinlik yaşamadan öz lüks həyatını davam etdirir”.
Rauf Həbibov sayta açıqlamasında belə bir problemin olduğunu etiraf edib: “Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam”.
Qeyd edək ki, 2007-ci ildən icra başçısı olan Rauf Həbibov 2012-ci ildə Qubada baş vermiş kütləvi etiraz aksiyası və qarşıdurmadan sonra vəzifəsindən azad edilib.