Xırda və KİŞİ PULU - Anlatma
Tap görüm Putin, Ələkbərov, Mordaşov, Abramoviç və ümumiyyətlə o tayfa çoxdandır nə görməyib, əli nəyə toxunmayıb. Kömək edim?
Rusça “moneta”dır. Azərbaycan dilində, qorxmursansa, özün de. Qorxursan... Halbuki, bu söz ədəbi dilimizə, normativ leksikaya daxildir.
Bəziləri onu “xırda pul” adlandırırlar. Amma elə “quraqlıq” dövrdə yaşayırıq ki, 1 manatlıq əskinasa butulkada yarım litr keyfiyyətli su almaq olmur. Deməli, manatlıq pul da xırdadır.
Rus dilində “moneta” metal pulu bildirir. Türk dilində “sikke” sözü hələ də qüvvədədir. Azərbaycan dilinə sikkə ərəb dilindən keçib. Metal pul üzərinə vurulan damğa, naxış, yazıdır.
“Dəmirçioğlu bu dəfə pulları iki baş barmağının arasında sürtüb sikkələrini pozdu” – “Koroğlu”.
“Kasıb deyiliz, sikkeyi-pul tanıyırız biz” – M.Ə.Sabir.
“Tahirin əlinə İran sikkəsi düşəndə, dağıtmadan cibində saxlayırdı” – S.Rəhimov.
“Bugün-sabah yəqin onlar adlarına sikkə də kəsdirəcəklər” – Makulu.
“Şeyx Salah öz gözü ilə görüb ki, Əylis erməniləri 25000 manat sikkəli pul gətirib, Molla İbrahim Xəlildən əlli pud xalis gümüş alıb aparıblar” – M.F.Axundov”.
Yuxarıdakı ədəbi nümunələri izahlı lüğətdən köçürüb təsadüfən göstərmədim. Doğrudanmı hesab edirsən kiminsə yanlış(!) utancaqlığına görə milli ədəbiyyatdan imtina etməliyik? Bəlkə deyəcəksən klassik (pah, yenə qəbahət!) irsimizə senzura tətbiq edilsin?
Ədəbi, normativ dilə daxil olan, əsrlərcə istifadə edilən sözə görə utanmaq, onu hər vasitə ilə əvəzləmək cəhdi nadanlıqdır! Xüsusilə də, əgər düşündüyünün başqa, tibb ədəbiyyatında rəsmi yerini almış, lüğətlərdə əks olunmuş elmi adı varsa – penis.
Sikkələr haqqında elm də mövcuddur. Numizmatika adlanır. O, zərbxana və pul dövriyyəsi tarixini öyrənir. Numizmatikaya həmçinin medalyer sənəti, jeton, orden və sairin öyrənilmə tarixi də aiddir. Sikkənin forma, təsvir, yazı, emblem və s. tədqiqi pul kəsən ölkələrin iqtisadi-siyasi, mədəni və ideoloji tarixinin tədqiqində mühüm rol oynayır. Pulların çəkisinin və metal nümunəsinin öyrənilməsi müxtəlif pul vahidləri münasibətlərini və bir sıra iqtisadi hadisələri müəyyənləşdirməyə imkan verir.
Ayrı-ayrı sikkə və bütöv dəfinə tapıntılarının, zərbxanaların tədqiqi pul münasibətlərinin mahiyyətini, qədim ticarət yollarının istiqamətini, sənayenin əmtəəlik dərəcəsini, mübadilə formalarını və s. təyin edir. Sikkələr yazılı və arxeoloji mənbələrin tədqiqi ilə sıx əlaqədə öyrənilir. Numizmatika sikkələri və s. numizmatik əşyaları, həmçinin onların hazırlanma texnikası və istehsalat sənəti nöqteyi-nəzərindən də öyrənir.
Numizmatika XVI əsrdə, kolleksiya toplama isə daha əvvəllər meydana gəlmişdi.
Hazırda metal pul toplayanlar kolleksiyada əskinaslara da yer ayırırlar. Kağız pullarla müəyyən mənada ölkə tarixini də öyrənmək olar. Məsələn, xırda əskinasda N.Nərimanovun imzası göstərir ki, çarizmə son qoyulub.
Qocalar danışırlar ki, çar Rusiyasında dövriyyəyə kağız pullar buraxıldıqdan sonra, babalarımız qızıl onluqları banka təhvil verib, əvəzinə əskinas götürürdülər. Bəhanə (səbəb): qızılı gəzdirmək ağırdır.
“Kişi pulu”. Son əsrlərdə ən böyük nominal dəyəri olan pul məhz belə adlanırdı. Çar Rusiyasında II Yekaterinanın portreti yerləşdirilmiş 100 rublluq əskinas hər kəsin cibində olmurdu. Nəzərə al ki, o vaxtlar 5 kopeyekə (qəpiyə) 1 vedrə araq almaq mümkün idi...
Müstəqillik dövrünün 50 min manatlıq Azərbaycan bank əskinası bu kateqoriyaya aid edilə bilər. Hazırda isə pulsevərlərin iki gözünün işığı iki yüz manat dəyərində kağız puldur.
A.ƏZİZ
Fotolarda: kağız pul nümunələri. Kibrit qutusu əskinasın həqiqi ölçüsünə müqayisəli işarədir.