"Yalvarırlar ki, danışaq, sonra isə..." - Tramp İranı "ikiüzlü" adlandırdı
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini ABŞ ilə danışıqları inkar etdiyinə görə "ikiüzlü" adlandırıb.
SAVASHMEDIA.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri bildirib ki, Tehran ictimaiyyət qarşısında Vaşinqtonla heç bir danışıq aparmadığını bəyan etsə də, əslində tərəflər arasında təmaslar davam edir.
"İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür. Görüş istəyirlər, hətta yalvarırlar. Amma sonradan qürurla bəyan edirlər ki, heç nə müzakirə olunmur və bizimlə yalnız Oman vasitəsilə danışırlar", - Tramp yazıb.
ABŞ prezidenti qeyd edib ki, yaxın vaxtlarda İranla yeni məsləhətləşmələrin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, Tehran bunu inkar etsə də, iki tərəf İranın uzun illər ərzində yaratdığı problemlərin həlli yollarını müzakirə edir.
Qeyd edək ki, bundan əvvəl İran rəsmiləri ABŞ ilə birbaşa danışıqlar aparıldığı barədə iddiaları təkzib etmişdilər. Tehran yalnız Oman vasitəsilə dolayı təmasların mümkün olduğunu bildirmişdi.
Səlcuq