Ərdoğan üçüncü prezidentliyinə hazırlaşır - Müşaviri Konstitusiyadakı istisnadan DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola bilər.
SAVASHMEDIA.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin hüquq üzrə baş müşaviri Mehmet Uçum bildirib.
Məsələ burasındadır ki, Türkiyə Konstitusiyasının 101-ci maddəsinə əsasən, bir şəxs ən çox iki dəfə prezident seçilə bilər. Buna görə də normal şəraitdə Rəcəb Tayyib Ərdoğanın 2028-ci il seçkilərinə qatılması mümkün görünmürdü.
Amma Türkiyə prezidentinin hüquq üzrə baş müşaviri Mehmet Uçum, deyəsən, bunun da çarəsini tapıb.
Onun sözlərinə görə, növbəti prezident və parlament seçkiləri normal qaydada 7 may 2028-ci ildə keçirilməlidir. Lakin seçkilərin Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə 16 aprel 2028-ci il tarixinə keçirilməsi də mümkündür. Uçum hesab edir ki, bu, növbədənkənar seçki deyil, sadəcə seçki tarixinin bir neçə həftə önə çəkilməsidir.
Baş müşavir qeyd edib ki, Türkiyə Konstitusiyasına əsasən, bir şəxs ən çox iki dəfə prezident seçilə bilər. Bununla yanaşı, Konstitusiyada istisna hal da nəzərdə tutulur. Belə ki, prezident ikinci səlahiyyət müddətində olarkən TBMM seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, hazırkı prezidentə daha bir dəfə namizəd olmaq imkanı yaranır.
Mehmet Uçumun fikrincə, parlament seçkilərin 16 aprel 2028-ci il tarixinə keçirilməsi ilə bağlı qərar qəbul edərsə, həmin istisna tətbiq edilə bilər və Prezident Rəcəb Tayyib Ərdoğan yenidən namizədliyini irəli sürə bilər.
Qeyd edək ki, Uçumun bu açıqlaması Türkiyədə müzakirələrə səbəb olub. Müxalifət və konstitusiya hüquqşünasları bu yanaşma ilə razılaşmır.
Səlcuq