Yaponiya 10 milyon robotu işə götürür - Bu peşə sahibləri işsiz qalacaq
Yaponiya hökuməti süni intellekt və robot texnologiyalarının tətbiqini sürətləndirmək üçün yeni planını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, ölkə 2040-cı ilə qədər müxtəlif sahələrdə təxminən 10 milyon AI dəstəkli robotdan istifadə etməyi hədəfləyir.
Təşəbbüsün əsas məqsədi ölkədə getdikcə dərinləşən işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq, məhsuldarlığı artırmaq və yaşlanan əhalinin yaratdığı problemləri azaltmaqdır.
Məlumata görə, robotlar istehsal, logistika, səhiyyə, yaşlılara qulluq, tikinti, kənd təsərrüfatı, infrastrukturun saxlanılması, fəlakətlərə müdaxilə və digər sahələr daxil olmaqla ümumilikdə 18 sektorda tətbiq ediləcək.
Süni intellektlə işləyən robotlar təhlükəli və ağır fiziki əmək tələb edən işlərin bir hissəsini insanların əlindən alacaq. Bununla yanaşı, yeni texnologiyaların bəzi peşələr üçün risk yaradacağı, eyni zamanda robotların idarə edilməsi və proqramlaşdırılması kimi yeni iş yerlərinin də formalaşacağı bildirilir.
Qeyd edək ki, Yaponiya uzun illərdir doğum səviyyəsinin aşağı düşməsi və əhalinin sürətlə qocalması səbəbindən əmək bazarında ciddi çətinliklərlə üzləşir. Hökumət hesab edir ki, robot texnologiyalarının geniş tətbiqi gələcəkdə iqtisadiyyatın dayanıqlığını qorumaq üçün vacib addımlardan biridir.
Oğuz