"Yaşı 50-dən yuxarı olan işçilərə ərizə yazdırırlar..." - SOCAR-da kütləvi ixtisarlar
SOCAR qurum və onun tabeliyində olan şirkətlərdə kütləvi ixtisarlarla bağlı açqlama yayıb.
SAVASHMEDİA.az xəbər verir ki, açıqlamada bir sıra sosial media resurslarında yayılan ixtisarla bağlı məlumatlar təkzib olunub.
Bildirilib ki, hər hansı rəsmi mənbəyə əsaslanmayan rəqəmlər və iddialar həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı Mia-ya açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, qurumun yaydığı məlumatın əksinə, SOCAR və onun tabeliyindəki qurumlarda optimallaşdırma və digər adlar altında ixtisarlar indi də davam edir:
Fotoda Mirvari Qəhrəmanlı
"Qaldı ki, SOCAR-ın bununla bağlı açıqlamasına, bu, "üzrü günahından betər məsəli"ni xatırladır. Artıq ilyarımdan çoxdur ki, SOCAR-ın bütün strukturlarında müxtəlif adlar altında ixtisarlar gedir. Bu, göz qabağındadır. Təbii ki, ixtisarın daha çox gözə çarpmaması üçün onlar hesabatlarında başqa "terminlər"dən istifadə edirlər.
Misal üçün, "Azərkimya", Neft Emalı Zavodu, informasiya texnologiyaları və digər sahələr üzrə yaşı 50-dən çox olan işçilərə psixolji təzyiqlə ərizə yazdıraraq işdən uzaqlaşdırıblar. Başqa sahələrdə də yaşı 60-dan yuxarı olanlara ərizə yazdırıblar. Mən hətta bu barədə "Azneft"in hesabat xarakterli məktubunu dərc edərək bunu sübut etmişəm. Şirkət isə bunu etiraf etmək istəmir, müxtəlif bəhanələrlə gözə kül üfürürlər. Fakt isə budur ki, şirkətdə xeyli fəhlə ixtisar olunub...".
Komitə sədri deyib ki, şirkətdə təcrübəli işçilərin ixtisara salınması halları da az deyil. Bununla yanaşı, müddətli müqavilələrlə işə götürülən işçilərlə sonradan müqavilə müddətinin uzadılmaması halları da çoxdur:
"Halbuki, daimi işlərdə müvəqqəti, yəni müddətli müqavilə ilə işçi götürmək qanunsuzdur. Ancaq götürüblər. İxtisara salınan xeyli işçi də bu cür müqaviləli olanlar olub ki, sonradan onlarla işləməkdən imtina edilib. Bir sözlə, müxtəlif bəhanələrlə ilyarım ərzində kifayət qədər böyük işçi SOCAR-a məxsus qurumlardan yola salınıb.
Məsələn, hazırda "Azəriqaz"da ixtisarlar davam edir. Maraqlısı budur ki, nə qədər usta, çilingər, laborant, operator və sair sahələr üzrə işçi ixtisar olunursa, qarşılığında da o qədər departament, şöbə yaradılır və ora kabinet məmurları işə götürülür.
Məhz bu səbəbdən SOCAR rəsmiləri ümumi işçi sayını nəzərə alaraq deyir ki, şirkətin işçi sayında azalma yoxdur. Azalma yoxdursa, yəni kütləvi ixtisar da yoxdur. Yəni bir tərəfdən fəhlə sinfi yola salınsa da, yerlərinə yeni yaradılmış qurumlarda açılan ştatlara vəzifəli şəxslər götürülür. Nəticə etibarilə şirkətin ümumi işçi sayında kütləvi azalma gözə çarpmır. Bununla kütləyə manipulyativ açıqlama verirlər. Araşdırın, baxın SOCAR-ın özündə, "Azəriqaz"da bir-birinə yaxın nə qədər lazımsız, bir-birlərini az qala təkrarlayan departament, şöbə və ya digər ştatlı qurumlar açılıb? Və ora kimlər işə götürülüblər?
Ən maraqlı məqam isə odur ki, bunun müqabilində hasilatı qaldıra, dinamik idarəetmə belə yarada bilmirlər. Ancaq görün, bunun qarşılığında nə baş verir? Hələ də yuxarı strukturlarla yeni ştatlar açaraq orada özlərinə yaxın olan insanları işlə təmin edirlər. Bu, təbii ki, yaxşı idarəetmənin olmamasının bariz nümunəsidir. Şəksiz ki, yaxşı idarəetmə peşəkar komandadan qaynaqlanır.
Hesab edirəm ki, işçilərin ixtisarına paralel olaraq, bir vəzifəli işçiyə ikinci yüksək vəzifənin həvalə olunması, yeni mənasız qurumların artması və sair neqativ hallar diqqətli, müstəqil audit qurumlar tərəfindən, hətta deyərdim ki, dövlət səviyyəsində yoxlanılmalı, araşdırılmalıdır. O zaman üzə çıxacaq ki, kütləvi ixtisarlar və ya "təbii axın" deyəndə nələr nəzərdə tutulur.
Əlbəttə, SOCAR son açıqlaması ilə çox məharətlə "kütləvi ixtisar" sözündən yayınmağa çalışır. Ona görə də deyirəm və çox istərdim ki, dövlət başçısı İlham Əliyev nə qədər gec deyil, buranı şəxsi nəzarətinə götürməlidir..."