"Türkiyədən təşəkkür gözləmirik, qardaşlıq borcumuzdur" - Hikmət Hacıyev

“İsraildə qondarma erməni soyqırımı iddiaları gündəmə gələndə bunu ən sərt şəkildə pisləyən ilk ölkə biz olduq. Bu məsələdə bizim üçün heç bir sual işarəsi yoxdur və ola da bilməz, bu, bizim qırmızı xəttimizdir”.

Aug 5, 2026 - 15:16
"Türkiyədən təşəkkür gözləmirik, qardaşlıq borcumuzdur" - Hikmət Hacıyev

SAVASHMEDİA.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində deyib.

“Cənab Prezidentin tapşırığı ilə İsrail tərəfi ilə əlaqə saxlayıb bildirdik: “Etdikləriniz doğru deyil. Əgər bu məsələ ilə Türkiyəni narahat edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Türkiyə üçün bu mövzu artıq köhnə təbliğat mövzusudur. Bu, 1950-70-ci illərdə Qərbin Türkiyəyə qarşı istifadə etdiyi ritorika idi. Bu addımla siz Türkiyə-İsrail münasibətlərinə daha çox zərər vurarsınız. Eyni zamanda Azərbaycan-İsrail münasibətlərinə və Azərbaycan ictimaiyyətində İsrailə münasibətə də mənfi təsir göstərə bilərsiniz. Nəticədə bu addım sizə heç nə qazandırmayacaq. Ona görə də bundan geri çəkilməyiniz daha ağıllı olardı”.

Bunun düzgün qərar olmadığını qəbul etdilər və qısa müddətdə geri çəkilməsinin vacibliyini anladılar. Bu, bizim borcumuzdur. Buna görə təşəkkür gözləmirik. Bu, bizim qardaşlıq borcumuzdur”, - Hacıyev vurğulayıb.

Azərbaycan prezidentinin köməkçisi müsahibənin davamında qeyd edib:

“Bir çox məsələdə Ankara ilə məsləhətləşsək də, bu məsələ ilə bağlı Ankara ilə danışmadan addım atdıq. Çünki “bir millət, iki dövlət” prinsipi də bunu tələb edir. Şuşa Bəyannaməsinin fəlsəfəsi də məhz budur. Əgər masada Türkiyə olmayacaqsa, Azərbaycan var. Biz də öz sözümüzü dedik”.