"Kristal"dan Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı
"Kristal" şirkəti Biləcəri qəsəbəsində inşa etdiyi yaşayış kompleksinin reklam kampaniyasını son günlər əhəmiyyətli dərəcədə genişləndirib.
SAVASHMEDİA.az xəbər verir ki, "Kristal" son vaxtlar Biləcəri layihəsinin reklamını xeyli intensivləşdirib ki, bu da satış tempinin zəifləməsi ilə əlaqədardır.
Televiziya, xəbər saytları və sosial şəbəkələrdəki bütün imkanlıar "Kristal"ın Biləcəri layihəsinin reklamına səfərbər edilib.
Xatırladaq ki, şirkət "Biləcəri" yaşayış kompleksində sahəsi 56 kvadratmetrdən 110 kvadratmetrədək olan 2, 3, 4 otaqlı və studiya tipli mənzillər təklif edir. Layihədə 77,52 və 77,64 kvadratmetrlik yeni 3 otaqlı studiya mənzillər də satışa çıxarılıb. Alıcılara 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və "Evini hissə-hissə al" modeli ilə mənzil əldə etmək imkanı yaradılıb.
Buna baxmayaraq, layihədə tətbiq olunan yüksək qiymətlər alıcıların əksəriyyəti üçün əsas maneə olaraq qalır. Daşınmaz əmlak bazarında formalaşan qənaətə görə, qiymətlərin bazar gözləntilərini üstələməsi satış tempinə təsirsiz ötüşməyib.
Reklamlarda yaşayış kompleksinin əsas üstünlüyü kimi "Avtovağzal" metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşməsi göstərilir. Lakin paytaxtın bu hissəsində günün əksər saatlarında müşahidə olunan sıx nəqliyyat səbəbindən həmin müddətdə metroya çatmağın real vəziyyəti əks etdirmədiyi bildirilir.
Bundan başqa, daşınmaz əmlak bazarında "metroya yaxınlıq" meyarı adətən piyada məsafəsi ilə qiymətləndirilir. Bu baxımdan reklamda məhz avtomobillə çatma vaxtının ön plana çıxarılması da diqqət çəkən məqamlardandır. Əgər metroya çatmaq üçün avtomobildən istifadə zəruridirsə, bu, üstünlük sayılmır və bunun üzərindən reklam qurmaq da doğru deyil.
Görünən isə odur ki, layihənin reklamında "bu üstünlüyün" xüsusi vurğulanması yüksək qiymətlər fonunda alıcı marağını artırmağa hesablanmış marketinq strategiyasının tərkib hissəsidir.
Səlcuq