2800 illik İlandağ kitabəsində nə yazılıb? - Tərcümənin TAM MƏTNİ
Naxçıvanda qədim tarixə dair mühüm arxeoloji tapıntı qeydə alınıb. İyunun 1-də AMEA-nın alimləri İlandağ ərazisində qaya üzərində həkk olunmuş Urartu mixi yazısının yerini müəyyən ediblər.
SAVASHMEDİA.az xəbər verir ki, araşdırmada AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov iştirak ediblər.
Mütəxəssislərin araşdırmasına görə, yazı e.ə. VIII əsrə aiddir. Kitabə Urartu dövlətinin Naxçıvan bölgəsindəki fəaliyyəti barədə mühüm məlumatlar verir. Yazıda Urartu çarı I Sardurinin oğlu İşpuini və onun oğlu Menuanın adı çəkilir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun təqdim etdiyi tərcüməyə əsasən, kitabədə belə deyilir:
"Haldi tanrısının himayəsi altında Sardurinin oğlu İşpuini və onun oğlu Minua Arşini şəhərini fəth etdilər. Onlar Arşini şəhərinin torpaqlarını ələ keçirdilər, Aniani şəhərinin ərazilərini fəth edərək dağıtdılar. Daha sonra Haldi tanrısının şərəfinə bir stela ucaltdılar. Puluadi torpağında isə xüsusi bir dini ayin təsis edildi. Həmin ayinə görə, Puluadi torpağından olan şəxs Haldi tanrısına bir öküz, Haldi tanrısının həyat yoldaşına isə bir inək qurban təqdim edə bilərdi".
Tarixçilərin fikrincə, bu kitabə Urartu dövlətinin Cənubi Qafqazdakı yürüşləri barədə mühüm mənbələrdən biridir. Yazı həm də Naxçıvanın qədim dövrlərdə mühüm yaşayış məskənlərindən biri olduğunu göstərir.
Qeyd edək ki, İlandağ Naxçıvanın ən məşhur tarixi və təbii abidələrindən hesab olunur. Burada aşkar edilən mixi yazı Azərbaycanın zəngin arxeoloji irsinin növbəti qiymətli nümunəsi sayılır.