Aİ Rusiya tankerləri ilə bağlı hüquqi əsaslar hazırlayır – “Politico”

Avropa İttifaqı (Aİ) rəhbərliyi Rusiyanın Baltik dənizi vasitəsilə neftini nəql etmək üçün istifadə etdiyi tankerlərin böyük miqyasda ələ keçirilməsi üçün hüquqi əsaslar hazırlayır. 

Feb 10, 2025 - 14:03
Aİ Rusiya tankerləri ilə bağlı hüquqi əsaslar hazırlayır – “Politico”

SAVASHMEDİA.az bu barədə “Politico”ya istinadən xəbər verir.

Nəşr yazır ki, bu planları həyata keçirmək üçün bir neçə variant, o cümlədən ekoloji və ya antipirat səbəblərə görə gəmilərin ələ keçirilməsinə icazə verən beynəlxalq hüquqa müraciət araşdırılır.

Bu tədbirlərin ümumavropa xarakterli olmaya bildiyi də istisna edilmir. Bu halda Aİ ölkələri yerli qanunlara əsaslanaraq müstəqil hərəkət edəcəklər. Mənbələr hesab edirlər ki, məsələn, Estoniya və Finlandiya məhkəmələrdən sifarişi pozanları həbs etmək üçün məhdud sayda sığortaçılarla əməkdaşlıq etməyi tələb edə bilər.

Mənbələrdən biri izah edib ki, Rusiya neftini daşıyan hər tankeri dayandırmaq mümkün olmayacaq, lakin buna heç ehtiyac da yoxdur: “Sadəcə gəmilərin hərəkətini ləngitsək belə, bu, Rusiyaya zərər verəcək. Hər günün dəyəri bahadır – Rusiya iqtisadiyyatının vəziyyətini nəzərə alsaq... hər şey əhəmiyyət kəsb edir”.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna nəşrə müsahibəsində bildirib ki, beynəlxalq sanksiyalara məruz qalan Rusiya neftinin təxminən yarısı Finlandiya körfəzi vasitəsilə ixrac olunur. 

O, Baltik dənizində sualtı kabellərin qırılması hallarını və köhnə tankerlərin keçidi ilə bağlı ekoloji təhlükələri xatırladıb: “İndi sual budur ki, biz bu gəmilərlə nə edə bilərik? Biz bütün dənizi bağlaya bilmərik, amma nəzarəti gücləndirə bilərik. Burada çoxlu imkanlar var”, - deyə nazir vurğulayıb. 

“Politico”ya müsahibə verən dəniz hüququ üzrə ekspertlər və hüquqşünaslar bildiriblər ki, bu planları həyata keçirmək asan olmayacaq.

Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Rusiya öz gəmilərinin Baltik dənizindən keçməsinə istənilən maneəyə sərt cavab verəcək. 

Xatirə SADİQ