“Tiraspol Aİ yardımından imtina etdi” – Moldovanın baş naziri

Moldovadakı qondarma Dnestryanı rejimi Moskvanın təzyiqi altında enerji böhranından çıxmaq üçün Avropa İttifaqının (Aİ) 60 milyon avro məbləğində yardımından imtina edib. 

Feb 10, 2025 - 14:06
“Tiraspol Aİ yardımından imtina etdi” – Moldovanın baş naziri

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Moldovanın baş naziri Dorin Reçana istinadən “Newsmaker” məlumat yayıb. 

“Tiraspol imtina etdi. Rusiya regiona nəzarəti itirəcəyindən ehtiyat edərək onlara Avropa yardımını qəbul etməyə icazə vermir. Tiraspolun imtina etdiyi əsas şərt istehlakçılar üçün tariflərin tədricən artırılması olub. Nəticədə onlar Avropadan yardım ala bilmirlər. Bu, Dnestryanı bölgənin sakinlərinin qeyri-müəyyənlik şəraitində yaşamağa davam edəcəkləri deməkdir”, - deyə baş nazir vurğulayıb.

Hökumət başçısı əlavə edib ki, Kişinyov bölgəni taleyin ümidinə buraxmayacaq və qaz tədarükünə əngəl yaratmayacaq. Onun sözlərinə görə, tədarük Macarıstanın “MET Gas and Energy Marketing AG” şirkəti tərəfindən həyata keçiriləcək. Bu şirkət Dubayın “JNX General Trading” şirkətindən vəsait alacaq. 

“Hər iki şirkət auditdən keçib və “Moldovaqaz” ilə müqavilə əsasında Moldova sərhədinədək qaz tədarük edəcək. Biz tranzitə icazə verəcəyik, Tiraspol isə açıqlıq nümayiş etdirəcək addımlar atmalıdır. Rıbnitsada orta məktəb problemi həll olunmalı, siyasi məhbuslar azad edilməli, Moldovanın ictimai yayımı olan “Moldova 1“ yayım şəbəkəsində saxlanılmalı, 2022-ci ildə quraşdırılmış nəzarət-buraxılış məntəqələri sökülməlidir”, - deyə baş nazir sosial mediada yazıb. 

O, diqqətə çatdırıb ki, bu, Moldova hökuməti ilə Rusiya arasında razılaşma deyil: “Bu, sol sahildəki insanların soyuqdan donmaması naminə verilmiş qərardır. Biz bütün ölkədə sülhün və qarşılıqlı anlaşmanın qorunması üçün rasional və məsuliyyətli qərarlar qəbul etməyə davam edəcəyik”.

Xatirə SADİQ