Avropa rəsmiləri mayın 9-da Kiyevə dəvət olundu – “Politico”
Ukrayna hakimiyyəti Putinin paradına qarşı diplomatik güc nümayiş etdirmək məqsədilə mayın 9-da Avropa məmurlarını Kiyevə dəvət edib.
SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Ukrayna xarici işlər naziri Andrey Sibiqa bazar ertəsi Lüksemburqda keçirilən görüş zamanı Avropa İttifaqı (Aİ) üzrə həmkarlarına dəvət göndərib. Ukraynalı nazir həmkarlarını II Dünya müharibəsindən bəri Avropada ən iri təcavüz qarşısında birlik və qətiyyəti nümayiş etdirməyə çağırıb.
Sibiqa əlavə edib ki, prezident Volodimir Zelenski mayın 9-da Ukrayna üçün təhlükəsizlik təminatlarını müəyyən etməyə hazır olan koalisiya liderlərini də qəbul etmək istərdi.
Hərçənd o, görüşün harada keçiriləcəyinə aydınlıq gətirməyib.
Anonimlik şərti ilə danışan Aİ-nin iki diplomatı isə bildirib ki, Almaniyanın gələcək kansleri Fridrix Merz də daxil olmaqla, dövlət başçılarının mayın əvvəlində Ukraynaya mümkün səfəri ilə bağlı müzakirələr gedir.
Xatirə SADİQ