Pekin bu mineralların Amerikaya ixracını dayandırdı
Çin avtomobil istehsalçıları, aerokosmik istehsalçılar, yarımkeçirici şirkətlər və hərbi podratçılar üçün lazım olan nadir torpaq minerallarının və maqnitlərin ixracını dayandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti yazıb.
Məlumata görə, bu tədbirlər ABŞ prezidenti Donald Trampın idxal tarifləri tətbiq etməsindən sonra ticarət münaqişəsinin kəskinləşməsi fonunda həyata keçirilir.
Çin hökuməti ixraca nəzarət məqsədilə yeni sistemi hazırlayarkən daşımalar dayandırılıb. NYT qeyd edib ki, tətbiqindən sonra yeni sistem müəyyən şirkətlərə, o cümlədən Amerika hərbi podratçılarına tədarüklərə mane ola bilər.
Nəşr xatırladıb ki, aprelin 4-də Çin hökuməti tamamilə ölkədə emal olunan altı ağır nadir torpaq metalının, həmçinin 90%-i Çində istehsal olunan nadir torpaq maqnitlərinin ixracını məhdudlaşdırıb. Materiallar indi Çindən yalnız xüsusi ixrac lisenziyaları ilə göndərilə bilər.
Qeyd edilir ki, nadir torpaq maqnitləri Çinin ABŞ və digər ölkələrə ümumi ixracının kiçik bir hissəsini təşkil edir, buna görə də Çin ciddi zərərə məruz qalmayacaq.
Xatirə SADİQ