Avropanın ən böyük limanı Rusiya ilə müharibə üçün hazırlanır
Niderlandın Rotterdam limanı NATO-nun hərbi yük daşıyan gəmiləri üçün yer ayırmağa və Rusiya ilə potensial müharibəyə hazırlıq məqsədilə silahların ötürülməsi marşrutlarını planlaşdırmağa başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Məlumata görə, dəniz limanında desant təlimləri də keçiriləcək.
Avropanın ən böyük limanı sayılan Rotterdam limanı əvvəllər də silah qəbul edirdi, lakin hətta “soyuq müharibə”nin qızğın çağlarında belə bunun üçün xüsusi yanalma körpüsü yox idi. İndi konteyner terminalının bir hissəsi sursatların bir gəmidən digərinə təhlükəsiz yüklənməsini təmin etmək üçün bu ehtiyaclar üçün yenidən quraşdırılacaq.
Liman direktoru Budeveyn Simons bildirib ki, xüsusən də ABŞ, Böyük Britaniya və Kanadadan yüklər qəbul edilərkən hərbi tədarükün logistikası qonşu Belçikadakı Antverpen limanı (Aİ-də ikinci ən böyük liman) ilə əlaqələndiriləcək.
“Biz bir-birimizdə getdikcə daha az rəqib görürük. Təbii ki, zəruri yerdə rəqabət aparırıq, amma bacardığımız yerdə birlikdə işləyirik”, - Simons vurğulayıb.
Simons dəqiqləşdirib ki, böyük həcmdə silahların daşınması lazım gələrsə, Rotterdam yükün bir hissəsini öz üzərinə götürmək üçün Antverpen və ya digər limanlara müraciət edəcək.
Qeyd edək ki, may ayında Niderlandın Müdafiə Nazirliyi dəniz limanının NATO-nun tələbi ilə hərbi tədarük üçün yer ayıracağını təsdiqləyib. Qərar Aİ-nin müdafiə sektorunda ABŞ-dən asılılığını azaltmaq məqsədilə yenidən silahlanma proqramının bir hissəsi kimi qəbul edilib.
Elə həmin ayda Niderlandın hərbi kəşfiyyatının rəhbəri, vitse-admiral Peter Risink demişdi ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibə bitdikdən bir il sonra alyansa hücum edə bilər. O, krallığın belə bir ssenariyə fəal şəkildə hazırlaşdığını diqqətə çatdırmışdı.
Xatirə SADİQ