“Biz Krımı götürmək istəmirik, bu axmaqlıqdır” – Putin + VİDEO
Siyasətin dəyişməz prinsiplərindən biri siyasətçinin ağzından çıxan hər kəlməyə diqqət etməsidir.
Məsələn, onun 10 il, 20 il əvvəl dedikləri istənilən vaxt bumeranq kimi özünə qaytarıla bilər. XXI əsrdə – texnologiyanın inkişaf etdiyi dövrdə bunu etmək daha asandır.
Qərb dövlətlərində riyakarlıqda yaxalanmış siyasətçilərin karyeralarına birdəfəlik son qoyulması halları da az olmayıb.
Amma, nə hikmətdirsə, 1999-cu ildən hökumət, 2000-ci ildən isə dövlət başına gətirilən Vladimir Putin bütün riyakarlığına, Çeçenistanda, Ukraynada törətdiyi açıq-aşkar hərbi cinayətlərə rəhbərlik etməsinə baxmayaraq, 26 ildir ki, siyasətdən getmək bilmir, hətta Çin lideri ilə uzunömürlülüyə nail olmaqdan danışmaqla, əslində prezident kürsüsündə əbədi qalmaq xislətini gizlətmir.
Bu günlərdə internetdə Rusiyanın prezidenti Vladimir Putinin internetdə dolaşan videosu onun buqələmun cildinə girdiyini bir daha təsdiqləyir.
Həmin video 1999-cu ildə çəkilib və Putin tanınmış telejurnalisti Aleksandr Lyubimovun apardığı tok-şouda suallara cavab verir.
Aparıcı Putinə belə sual ünvanlayır: “Ukraynanın NATO-ya daxil olmaq istəməsi bizim xoşumuza gəlmir, Krımı götürmək istəyirik və ya bəlkə pul, qaz, şəkər məsələsində razılaşa bilərik. Vladimir Vladimiroviç, Ukrayna ilə əsas problemimiz nədir?”.
Putin bu suala inanılmaz cavab verib: “Birincisi, biz Krımı götürmək istəmirik, bu, tamamilə axmaqlıqdır. Əgər biz kimdənsə nəsə almağa başlasaq, o zaman mütləq özləri nəyisə götürəcəklər, biz də nəyisə itirəcəyik. İstənilən halda biz keçmiş Sovet İttifaqının ərazisində elə bir bölgüyə başlayacağıq ki, o heç vaxt özünə gələ bilməyəcək”.
Bu məqamda Lyubimov studiyadakı tamaşaçıları nəzərdə tutaraq replika atır: “Sizi dəstəkləyirlər”.
Putin: “Bəli, mən eşidirəm. Rusiya Federasiyasının ərazisində təkcə bizim 400 mübahisəli ərazimiz var. 400! İstəyirəm ki, bu barədə hamı bilsin. Bu, birincisi. İkincisi, şəkər, qaz ikincidir. Əsas problem, məncə, Rusiyanın ağır imperiya mirasıdır. Nədənsə hamı elə bilir ki, Rusiya imperiya olaraq qalıb. İndi isə alqışlayanlar məni diqqətlə dinləsinlər. Hamı elə bilir ki, Rusiya imperiya olaraq qalıb və hələ də ona imperiya kimi yanaşırlar. Bu isə artıq çoxdan belə deyil”.
Xatırladaq ki, 2007-ci ildən Putin sovet imperiyasını bərpa etmək niyyətini gizlətmir. Məhz Putinin prezidentlik dövründə – 2014-cü ildə Ukraynanın Krım adası, Donbasın bəzi vilayətləri Rusiya tərəfindən işğal olunub. Üstəlik, Rusiya imperiyasının torpaqları iddiası ilə Putin 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Xüsusi qəddarlıqla müşayiət olunan bu müharibə 3 il 7 aydır ki, qəhrəman Ukrayna xalqına qarşı davam edir.
Putin isə iddia edir ki, ölkəsi müharibəyə başlamayıb. Sən demə, Qərb dövlətləri Ukraynanı NATO-ya daxil olmağa təhrik etməklə bu müharibəni başladıblar. Belə riyakarlıq dünyada və tarixdə görünməyib...
Xatirə SADİQ