Bu gün vəfat edən Nurlana Əliyevanın unudulmayan qalmaqalı - Primakov məsələsi
Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyevan vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, Nurlana Əliyeva 2019-cu ildə Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş tədbirlə bağlı yaranan qalmaqalla gündəmə gəlmişdi.
Qeyd edək ki, Yevgeni Primakov SSRİ və Rusiyanın tanınmış dövlət xadimi, keçmiş Baş naziri, xarici işlər naziri və kəşfiyyat xidmətinin rəhbəri olub. Azərbaycanda isə onun adı əsasən 1990-cı ilin 20 Yanvar hadisələri ərəfəsində və Qarabağ məsələsinə münasibətilə bağlı mübahisəli fiqur kimi xatırlanır.
Sözügedən müsabiqədə Bakı Slavyan Universitetinin tələbələrinin iştirak etməsi sosial şəbəkələrdə ciddi narazılıq doğurmuşdu.
Tənqidçilər Primakovun 20 Yanvar hadisələri ilə bağlı mübahisəli fiqur olduğunu əsas gətirərək belə bir tədbirin Azərbaycanda keçirilməsini qəbuledilməz hesab edirdilər.
Məsələ ilə bağlı Bakı Slavyan Universiteti rəsmi açıqlama yayaraq bildirmişdi ki, müsabiqə universitetin deyil, Rusiyanın Azərbaycandakı səfirliyinin layihəsi olub.
Açıqlamada qeyd edilirdi ki, müsabiqədə iştirak edən tələbələr səfirliyin rəsmi müraciəti əsasında qatılıblar və onların əksəriyyəti Rusiya vətəndaşı olan əcnəbi tələbələrdir. Universitet rəhbərliyi Nurlana Əliyeva barədə səsləndirilən ittihamların əsassız olduğunu da bəyan etmişdi.
Bununla belə, hadisə ölkədə geniş rezonans doğurmuş, bir sıra siyasətçilər və ictimai xadimlər universitet rəhbərliyini kəskin tənqid etmişdilər. Onlar hesab edirdilər ki, ali təhsil müəssisəsi belə həssas tarixi şəxsiyyətlə bağlı tədbirə ev sahibliyi etməməli idi.
Qeyd edək ki, 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olan Nurlana Əliyeva uzun illər Bakı Slavyan Universitetinə rəhbərlik edib və ictimai-siyasi fəaliyyətlə məşğul olub. O, sabiq deputat Hadi Rəcəbli ilə quda idi.
Oğuz