Corcinanın satıcı işlədiyi mağazaya gəlibmiş - Ronaldo onunla belə tanış olub

Kriştiano Ronaldo ilə Corcina Rodrigesin sevgi hekayəsi 2016-ci ildə mağazada təsadüfi qarşılaşma ilə başlayıb. Corcina o gün Ronaldo ilə tanış olacağını heç ağlına da gətirməyib.

Aug 19, 2026 - 19:14
Corcinanın satıcı işlədiyi mağazaya gəlibmiş - Ronaldo onunla belə tanış olub

SAVASHMEDİA.az xəbər verir ki, K.Ronaldo həmin vaxtlarda “Real Madrid”in futbolçusu olub, Corcina isə Madriddə “Gucci” mağazasında satıcı işləyib. 

Onun sözlərinə görə, həmin gün işdən saat 17:00-da çıxmalı imiş: “Həmin gün saat işdən 17:00-da  çıxmalı idim. Amma həmkarım məndən bir az artıq qalmağımı və müştəriyə xidmət etməyimi istədi. Əgər həmin gün işdən vaxtında çıxsaydım, bəlkə də həyatım heç vaxt dəyişməyəcəkdi”.

Elə həmin anlarda mağazaya Kriştiano Ronaldo girib. Yanında oğlu Kriştiano Ronaldo Junior və dostları olub. Corcina sonradan həmin qarşılaşmanı həyatının dönüş nöqtələrindən biri kimi təsvir edib.

Ronaldo isə ilk görüşü xüsusi hisslərlə xatırlayıb. Futbolçunun sözlərinə görə, əvvəlcə Corcinaya fikir verməyib, sonra isə diqqətini cəlb edib. Ronaldo həmin anı sanki yuxuya bənzədib.

Lakin onların münasibəti elə həmin gün başlamayıb. Cütlük sonrakı günlərdə müxtəlif tədbirlərdə yenidən qarşılaşıb. Daha sonra Ronaldo Corcinanı şam yeməyinə dəvət edib və münasibətləri romantik xarakter alıb.

Sevgi hekayəsinin ən maraqlı detallarından biri isə avtobus və “Bugatti”dir. Corcina həmin dövrdə işə avtobusla gedib. Münasibətləri başladıqdan sonra Ronaldo onu işdən “Bugatti” ilə götürməyə başlayıb. Corcinanın sözlərinə görə, mağazadakı həmkarları bu mənzərəni heyrətlə izləyiblər.

2017-ci ildə onların münasibəti ictimaiyyətə məlum olub. Həmin ilin əvvəlində Corcina Ronaldo ilə birlikdə müxtəlif tədbirlərdə görüntülənib, may ayında isə futbolçu onunla birgə fotolarını sosial şəbəkədə paylaşıb. Cütlüyün münasibəti sonrakı illərdə daha da möhkəmlənib. 

2026-cı il avqustun 11-də isə Kriştiano Ronaldo və Corcina Rodriges münasibətlərində yeni mərhələyə keçiblər. Cütlük Portuqaliyanın Kaşkayş şəhərindəki evlərində, yaxınlarının iştirakı ilə keçirilən qapalı mərasimdə nikaha daxil olub. Mərasimdə onların beş övladı da iştirak edib.

Beləliklə, 10 il əvvəl Madriddəki “Gucci” mağazasında başlayan tanışlıq Corcinanın bu gün dünyanın ən məşhur futbolçularından birinin xanımı olması ilə nəticələnib.

Banu