Çox yatmaq ürək xəstələri üçün risklidir - ARAŞDIRMA

Ürək xəstəliyi olan insanların gecə 9 saatdan çox yatması ölüm riskinin artmasına yol aça bilər.

Nov 19, 2026 - 18:29
Çox yatmaq ürək xəstələri üçün risklidir - ARAŞDIRMA

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ alimlərinin 3 287 nəfərin tibbi göstəriciləri əsasında apardığı araşdırmada yuxu müddəti ilə ölüm riski arasındakı əlaqə öyrənilib.

“PLOS One” elmi jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, 7-8 saat yatanlarla müqayisədə gündə 9 saat və daha çox yatan ürək xəstələrində ümumi ölüm riski 51 faiz, ürək xəstəlikləri ilə bağlı ölüm riski isə 53 faiz yüksək olub.

Araşdırma təxminən 15 il davam edib. Alimlər bildirirlər ki, uzunmüddətli yuxu birbaşa ölümə səbəb olmaya bilər. Bu, orqanizmdəki digər sağlamlıq problemlərinin, xroniki xəstəliklərin və ya xəstəliyin ağırlaşmasının göstəricisi də ola bilər.

Tədqiqatın müəllifləri yuxu müddətinin ürək xəstələrinin sağlamlıq vəziyyətini qiymətləndirərkən nəzərə alınmasının vacibliyini vurğulayırlar.

Qeyd edək ki, nəticələr yalnız ürək xəstəliyi olan şəxslər üzərində aparılmış araşdırmaya aiddir. Bu, sağlam insanların 9 saat yatmasının təhlükəli olduğu anlamına gəlmir.

Aytən