Demə ki, deyilməyib - Görünməyən sədd

Malay – planetimizin ən böyük arxipelaqıdır. O, 25 mindən çox adadan ibarətdir. 

Jun 18, 2025 - 13:26
Demə ki, deyilməyib - Görünməyən sədd

Bütün bu aləmi gözə görünməyən bir xətlə iki yerə bölmək olar. Əslində, artıq bölünüb. Həmin xəttin sağındakı, solundakı nəbatat və heyvanat aləmi o dərəcədə fərqlənir ki, bununla müqayisədə hətta Skandinaviya və Filippin bir-birinə daha artıq bənzəyir.

Çox yaxın yerləşdiyinə baxmayaraq, heyvanlar gözəgörünməz səddi keçmir. Bu, ilk dəfə səyyah-alim Rassel Uollesin diqqətini cəlb etmişdi. 1854–1862-ci illərdə o, görmüşdü ki, əslində eyni arxipelaqa mənsub adalarda flora və fauna tamamilə fərqlidir. Sonradan Uollesi biocoğrafiyanın atası adlandırdılar.

R.Uolles güman edib ki, arxipelaqın ayrı-ayrı hissələri arasında hansısa sərhəd mövcuddur. Bu sərhəd Asiyanın və Avstraliyanın bioloji aləmini bir-birindən ayırır. Maraqlıdır, ən dar hissədə həmin zonanın eni cəmi 35 kilometrdir.

Malay arxipelaqında fantastik bioloji zənginlik var. Dünyanın bütün heyvanlar aləminin 20 faizə qədəri burada yaşayır. Asiya bölgəsində fillər, ayılar, canavarlar, Sumatra kərgədanı, oranqutanq meymunlar və daha nələr, nələr gəzir. Onlara bütün şənub-şərqi Asiyada rast gəlmək olar, amma gözəgörünməz səddin qarşı tərəfində onları görməzsən. Avstraliyada kisəli heyvanlar üstünlük təşkil edir. Orada balyeyənlər, Komod kərtənkələsi, kakadu tutuquşusu, uçan itlər yaşayır. Ən böyük gül də orada açılır: raffleziya.

Avstraliyada gözəgörünməz səddi Rassel Uollesin şərəfinə adlandırıblar.

Diqqəti cəlb edən daha bir məqam odur ki, iki tərəfin quşları da bir-birinə qarışmır, hərçənd aradakı məsafə uçan quş üçün ciddi problem deyil.

Əlbəttə, alimlər müxtəlif hipotez söyləyirlər: onlar buna görə pul alırlar. Sən isə başını əbəs yerə sındırma. Pul çatıbsa, nahar et, məni gözləmə. Bilmək olmaz sabah qarşımızı hansı gözəgörünməz sədlər kəsəcək...

Deyirəm, bəlkə də məsələ bölgənin geoloji keçmişindədir. Arxipelaqın qərb adaları Avrasiya materiki ilə sıx əlaqəlidir, bitki və heyvanat aləmi isə bir çox cəhətdən eynidir. Aradakı dayaz su keçidi göstərir ki, onun səviyyəsi yaxın keçmişdə artıb. Müasir tədqiqat vasitələrinin köməyi ilə müəyyən edilib: məsələ, çox güman, tektonik proseslərdədir. Litosfer layları daim hərəkət edir. Hazırda onlar öz yerini ildə bir neçə santimetrədək dəyişir. Milyonlarla il ərzində, ayrı-ayrı dövrlərdə bu dəyişiklik həddindən artıq ola bilər. Malay arxipelaqı rayonunda bir neçə belə lay bir-birinə sürtülür.

Yadımdadır, 100 milyon il bundan əvvəl burada 2 materik massivi vardı. Sunda – Asiyanın hissəsi idi. Sahul – müasir Avstraliya və Antarktidanın o zamankı vahid ərazisi. Layların aramsız hərəkəti nəticəsində dərin yarıqlar əmələ gəldi. Materiklərin yolları ayrıldı. Avstraliyanın tektonik layı da, öz növbəsində, Antarktidadan küsüb getdi, sonra yavaş-yavaş Avrasiyaya doğru sürüşdü. Dəqiq bilirəm ki, bu, 20 milyon il bundan qabaq olmuşdu – saata baxmışdım.

Beləliklə, iki litosfer layı görüşdü. Malay adaları da həmin vaxt aşkara çıxdı. O zamana qədər isə qitələrin ikisi də qalın buz örtüyünün altında qalmışdı, Məhz həmin vaxt son buzlaşma dövrü başa çatırdı və biz pencəyə keçirdik. Dünya okeanının səviyyəsi qalxdı. 150 metr və daha çox – Trampın topuğuna qədər. Deməli, Malay adalarının xeyli hissəsi nə vaxtsa dağlıq, təpəlik olub. Adaların arasında güclü su axını heyvanların sərbəst keçidinə ciddi əngəl törədib. Hər bir bioloji növ öz ekosisteminə uyğunlaşıb, onun daxilində inkişaf edib. Şərait buna maksimum dərəcədə imkan verib.

Şübhə etmək olmaz ki, hər hansı heyvan tək və ya dəstə ilə sərhədin o biri tərəfinə keçib. Lakin çox tez başa düşüb: ora Avropa deyil, qanunsuz miqrantları sevmir. Yeni yad və ağır şəraitdə heyvanlar tələf olub ya da təyyarədə vətənə deportasiya edilib.

Cənub-şərqi Asiyanın yaşıl təbiəti, qalın cəngəlliklər Avstraliyanın quraqlıq təbiətindən o dərəcə fərqlidir ki, azaraq sərhədi keçən quşlar bunu yuxarıdan gördüyü an göydə geri dönüb. Balıqlar isə iti, kəsici mərcan qayalarına dəyən kimi ağrıdan dil açıb deyirdilər: "Axı mənim burada nə itim azıb?!".

Öz itim yadıma düşdü. Birdən azıb Avstraliyaya keçər. Gedib axtarım. Yolüstü, dünyada ən böyük çiçəyin şəklini çəkib sənə göndərərəm. Hər halda, foto 1 metr olmaz, telefonun ekranına sığar.


       
Raffleziya. O, dünyada ən iri güldür. Diametrdə 1 metrə çatır. Çəkisi 10 kiloqram olur. Çiçəklənmə dövrü 3-4 gün çəkir. Cəsəd iyi verir və bununla da müxtəlif həşəratı, o cümlədən murdar milçəkləri cəlb edir. Sonra onları ovlayarar ləzzətlə yeyir. Fu!

A.ƏZİZ