“Dojd” telekanalının xanım jurnalisti beynəlxalq axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi (DİN) “Dojd” telekanalının əməkdaşı Anna Monqaytı beynəlxalq axtarışa verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” iş materiallarına istinadən məlumat yayıb.
Rusiya DİN-i jurnalisti ölkənin Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaymaqda ittiham edir.
Agentliyin məlumatına görə, jurnalist avqustun 6-da axtarışa verilib.Materiallardan görünür ki, xanım Monqayt 2022-ci ildə Rusiyadan Azərbaycana uçub və hazırda xaricdə yaşayır. Avqustun 25-də Moskvanın Presnenski Rayon Məhkəməsi onu iki ay müddətinə qiyabi həbs edib.
Rusiyada adı “xarici agentlər” siyahısına daxil edilən jurnalistə qarşı cinayət işinin başlanması barədə iyulun 21-də məlumat verilib. Buna onun 2022 və 2023-cü illərdə Odessadakı kafedrala hücumlar barədə postları əsas gətirilib. İrəli sürülən maddə ilə (CM-nin 207.3-cü maddəsinin 2-ci hissəsi) onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, “Dojd” telekanalı Rusiyada “xarici agent” və “arzuolunmaz təşkilat” elan edilib. Hazırda bu telekanal Niderlanddan yayımlanır.
Xatirə SADİQ