DTX əməliyyat keçirdi - Onlar ölkədən çıxarıldı

Azərbaycan qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb.

Jun 4, 2025 - 17:37
DTX əməliyyat keçirdi - Onlar ölkədən çıxarıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə yaydığı məlumatda qeyd olunub.

Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər - 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Toplanmış materiallar əsasında, adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınmış və həmin şəxslər Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən ölkə hüdudlarından kənara çıxarılıblar.