Düşündürən düşüncələr - 2

İki naxçıvanlı Mərdəkanda rastlaşdı. Danışdılar: biznes belə gəldi, siznes elə getdi... Dadlı çərəz, pula həvəs, dağlar, Araz, cüt qapaz... Ütülənməyən köynək, çırpılmayan palaz... 

Jul 17, 2025 - 13:48
Düşündürən düşüncələr - 2

Gördüm, söhbət çox vaxt aparacaq. Onlara nə var ki, vaxt qurtaranda, təzəsini alacaqlar. Biz isə onu itirməyək, mətləbimizə keçək...

* Əgər qarşında axmaq adam görürsənsə, bil ki, sən də kiminsə qarşısında axmaqsan.

* Tanrı hamımızı saxlayır. Yalnız saxlama müddəti və şəraiti müxtəlifdir.

* Tanışının əlində kitab görüb soruşdu:

– Pah! Siz kitab oxuyursunuz?

– Bəli, necə ki?

– İçini də?..

* Bilmək istəyirəm kimdir tanrı: günah işlədəndə insanı cəzalandıran, yoxsa insanı günah etməyə qoymayan.

* Bilirəm ki, qoyun, keçi deyiləm.

Görürəm ki, sürüdə yeriyirəm...

* Populyar cizgi filmində qoduq İa quyruğunu itirmişdi və buna görə dərd edirdi. Tamaşaçı uşaqlar, heç böyüklər də bu dərdin əsl səbəbini anlamırdılar.

Məsələ isə ondadır ki, quyruq eşşəyə və bir çox başqa heyvana (ata, inəyə...) arxasına qonan sırtıq milçəkləri və hər cür həşəratı qovmaq üçün vacibdir. Əks halda onlar... Yenə ədəbsiz şey fikirləşdin?! Qıdıqlayar.

* Sofi Loren həyatımdır. Gözümü açandan onu görürəm. Məni qocaltmasa, əl çəkən deyil.

* Nəyə inanırsan ,

Nəyi sevirsən ,

Nədən qorxursansa – 

Quluna çevrilirsən.

* Balaca oğlan şokoladı çox sevirdi. Amma onu yemədi, uşaq bağçasındakı balaca qıza verdi.

Çünki həmin qızı daha çox sevirdi.

* Mən hər şeyi bilirəm. Buna görə hətta bir az utanıram. Bir az da utanıram ki, az utanıram.

* Bu gün bildim ki, həyətdəki “Bentley” 1 mərtəbə yuxarıda yaşayan pakistanlınındır. 1 mərtəbə də böyüyüm – mənim də olacaq.

* O gün qayınanam məni bağ evinə qonaq çağırmışdı. Dedi ki, guya çoxlu dadlı xörək bişirib. Amma heç bircə ay çəkmədi, hamısını yedim.

* – Necəsən?

– Sol deyiləm.

* Babası balaca Muraddan sağ gulağını soruşur. Uşaq göstərir.

– İcazə ver o birini yeyim. Onsuz da sağ deyil, ölüdür.

İki həftə keçir. Hər şey təkrar olunur.

Yenə bir həftə ötür. Baba xəbər alır:

– Sağ qulağın hansıdır?

– İkisi də sağdır.

* – Necəsən?

– Xarab deyiləm.

* Atam yataq xəstəsi idi. Hər səhər gözünü açanda birinci bunu deyirdi:

– Şükür olsun! Mənə rəhmi gəldi, ömrümü bir gün də uzatdı.

Mən isə bilirdim ki, bu bir gün mənə hədiyyədir. Çünki atamın ölümü ilə həyatda statusum bir an içində dəyişib aşağı düşəcək – yetim olacağam...

A.ƏZİZ