“Ərazi bütövlüyü maddəsi Ukraynaya aid deyil” - Lavrov
“BMT Nizamnaməsinin dövlətlərin ərazi bütövlüyü hüququnu təsbit edən maddəsi Ukraynaya şamil edilmir, çünki Kiyevdəki rəhbərlik bütün ölkə əhalisinin maraqlarını təmsil etmir”.
SAVASHMEDİA.az xəbər verir ki, bu eybəcər iddianı Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant”a müsahibəsində deyib.
Lavrovun sözlərinə görə, o, təşkilatın nizamnaməsinə istinad edərək, bu mövqeyini mütəmadi olaraq Ukraynanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən BMT-nin baş katibi Antonio Quterreşə çatdırır.
“Niyə Ukraynanın ərazi bütövlüyünü təmin etmək lazımdır ki, orada Krımı, Donbası, Novorossiyanı, hələ də Kiyev nasist rejiminin nəzarətində qalan bir sıra digər əraziləri təmsil etməyən bir hökumət var? Baş Assambleyanın 1970-ci ildə Dövlətlər arasında Münasibətləri Tənzimləyən Prinsiplər Bəyannaməsi şəklində qəbul etdiyi qətnamədə deyilirdi: hökumətləri öz müqəddəratını təyinetmə prinsipini pozmayan və bunun sayəsində müəyyən ərazidə yaşayan bütün əhalini təmsil edən bütün dövlətlərin ərazi bütövlüyünə hörmət edin. Məgər Zelenski öz dəstəsi ilə Ukraynanın cənubi-şərqinin əhalisini təmsil edir? Heç vaxt, heç bir vəchlə!” – deyə erməniəsilli rusiyalı nazir vurğulayıb.
O əlavə edib ki, Rusiyanın bu fikri Ukraynaya təcavüzlə bağlı Vladimir Putini tənqid etməsindən sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin də nəzərinə çatdırılıb:
“Onun (Tokayev – red.) üçün yalnız ərazi bütövlüyü hüququ var. Amma bir daha deyirəm: əgər siz BMT-nin üzvüsinizsə, Nizamnaməyə bütünlüklə hörmət etməlisiniz. <…> Məhz o dövlətlərin ərazi bütövlüyünə hörmət edilir ki, onların hökumətləri həmin ərazidə yaşayan bütün insanları təmsil edir”.
Nazirin sözlərinə görə, əgər Moskva Ukraynanın ərazi bütövlüyü prinsipinə əməl etməyə başlasa, bu, rusları, nasist rejimindən qaçmış rusdilliləri canavarların pəncəsinə qaytarmaq” demək olacaq.
Qeyd edək ki, 2022-ci ilin yayında Tokayev xəbərdarlıq etmişdi ki, əgər dövlətlərin sərhəd və suverenlik hüququna məhəl qoymayaraq, millətlərin öz müqəddəratını təyinetmə hüququ ideyası rəhbər tutulsa, dünyada “xaosa” yaranacaq.
Xatırladaq ki, dövlətlərin ərazi bütövlüyü hüququ 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Konfransında iştirak edən 50 ölkənin nümayəndələri tərəfindən imzalanmış BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit edilmişdir.
“Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə uyğun olmayan hər hansı digər şəkildə güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməlidirlər”, - deyə sənəddə vurğulanır.
Xatirə SADİQ