Ərdoğanla görüşdən sonra elə sözlər dedi ki... - Mansur Yavaş AKP-yə keçir?
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi gündəm olub.
SAVASHMEDİA.az xəbər verir ki, görüş siyasi kluarlarda “Mansur Yavaş hakim Ədalət və İnkişaf Partiyasınamı (AKP) keçir?”, “CHP-dən gedirmi?” suallarını ağıllara gətirib.
Bu durum M.Yavaşın seçiciləri tərəfindən də birmənalı qarşılanmayıb.
M.Yavaş görüşdən sonra suallara aydınlıq gətirmək üçün rəsmi sosial şəbəkə hesablarından açıqlama verib. O bildirib ki, R.T.Ərdoğanla görüşün tək mövzusu Ankara olub. Prezidentlə sadəcə Ankaraya qoyulacaq investisiyaları, metro layihəsi, kredit, təsdiq prosesləri, şəhərlə bağlı başqa məsələləri və problemləri müzakirə edib.
Mansur Yavaş qeyd edib ki, Ankara üçün investisiyaların yolunu açmaq, şəhərin problemlərini həll etmək üçün prezidentlə hər zaman görüşə bilər və bundan siyasi nəticə çıxarmaq düzgün deyil:
“Məni sevən, mənə güvənən, illərlə yol gəldiyim insanları incidəcək, xətirlərinə dəyəcək bir hərəkət etməyim müzakirə mövzusu belə deyil”.
Balanslı siyasət yürütdüyünü bildirən Mansur Yavaş R.T.Ərdoğanla görüşəcəyindən həm “Yeni Parti” sədri Özgür Özelin, həm də CHP sədri Kemal Kılıçdaroğlunun xəbərdar olduğunu diqqətə çatdırıb:
“Əgər mənim mövqeyim hər iki partiyanı (CHP və Yeni Parti-red) narahat edirsə, lazım olanı edərəm”.
Yeni Parti sədri Özgür Özel də verdiyi açıqlamada Mansur Yavaşın sözlərini təsdiqləyib:
“Görüşdən xəbərim var idi. Mansur bəy Ərdoğanla görüşə mənim razılığımla gedib”.
"Türkiyə" qəzetinin yazdığına görə isə CHP Özgür Özeldən fərqli olaraq, Mansur Yavaşa tolerant davranmaq niyyətində deyil. Partiya rəsmiləri M.Yavaşın siyasi yerini qətiləşdirmə vaxtının gəlib çatdığını düşünürlər:
“Mansur Yavaş bu qərarsızlığını uzun müddət davam etdirə bilməz. Ağlımızda bir tarix var, o vaxta qədər hamı öz siyasi mənsubiyyətini bəlli etməlidir. Mansur Yavaşın CHP-də qalması bizim üçün dəyərli olsa da, bu şəkildə keçirdiyi vaxt onun özünü də nüfuzdan sala bilər”.
Mansur Yavaşın açıqlamasına Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) da münasibət bildirilib. Belə ki, MHP sədri Devlet Bahçelinin mətbuat müşaviri Yıldıray Çiçek Mansur Yavaşın güvəniləcək siyasətçi olmadığını iddia edərək, ondan hər şeyi gözlədiklərini yazıb:
“Bizi Mansur Yavaşın etdiyi, edəcəyi heç nə təəccübləndirmir, təəccübləndirə də bilməz. Sabah AKP-yə keçsə, ona güvənənlər, ümid bağlayanlar şok olmasın. M.Yavaşın indiki mövqeyinə və dediklərinə aldanmayın. Gələcəkdə nələr edəcəyinə dair də heç kim indidən şərh verməsin”.
Qeyd edək ki, bir müddətdir Türkiyədə Mansur Yavaşın CHP-dən “Yeni Parti”yə keçib-keçməyəcəyi müzakirə olunurdu.
Xatırladaq ki, Mansur Yavaş 1993-2013-cü illərdə Millətçi Hərəkat Partiyasının (MHP) üzvü olub. 2013-cü ildə istefa verərək Cümhuriyyət Xalq Partiyasının (CHP) sıralarına qoşulub. 2016-cı ildə CHP-dən istefa verib. 2018-ci ildə yenidən CHP-yə qayıdıb. 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilib. 2024-cü il seçkilərində seçiciləri onu yenidən bu vəzifəyə layiq görüblər.
Vəsilə İbrahim