Etirazçılar hakim partiyanın ofisini dağıtdılar - Serbiyada 

Serbiyada hökumət əleyhinə etirazçılar hakim Serb Tərəqqi Partiyasının (SNS) şimalındakı Novi Sad şəhərindəki ofislərini dağıdıblar.

Aug 15, 2025 - 13:28
Etirazçılar hakim partiyanın ofisini dağıtdılar - Serbiyada 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Ölkənin ikinci ən böyük şəhəri hesab olunan Novi Sadda onlarla etirazçılar partiyanın ofislərinin pəncərələrini sındırıb, mebel və aparatları qırıb, binanın girişinə boya vurublar. Bu etiraz aksiyası zamanı prezident Aleksandar Vuçiçə loyal olan polis əməkdaşları və SNS tərəfdarları ortada görünməyiblər. 

“O, getdi” şüarını səsləndirən etirazçılar Vuçiçin 13 illik hakimiyyətinə işarə ediblər. 

Sonradan polis Novi Sadın mərkəzində bir neçə bloku mühasirəyə alıb və kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Belqradda isə yüzlərlə etirazçı və SNS tərəfdarı şəhərin əsas bulvarlarından birində bir-birinə məşəl və fişənglər atıb. Polis hökumət əleyhinə nümayişçilərə hücum edib və onları ərazini tərk etməyə məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə edib. 

Daxili işlər naziri İvitsa Daçiç paytaxtda, Novi Sad, Pançevo və Sabaç şəhərlərində etirazçıları polisə hücum etməkdə ittiham edib. Onun sözlərinə görə, azı 5 polis əməkdaşı yaralanıb.

Müxalifətdə olan Azadlıq və Ədalət Partiyası bildirib ki, parlamentin üzvü Pedja Mitroviç etirazlar zamanı yaralanıb və xəstəxanaya yerləşdirilib. “Bu, hökumətin və Aleksandar Vuçiçin dəst-xəttidir, onlar Serbiyanı belə görürlər”, - deyə partiyanın bəyanatında vurğulanıb.

Qeyd edək ki, bu yaxınlarda Vuçiç növbəti president seçkilərində iştirak etməyəcəyini bəyan edib. 

Xatırladaq ki, keçən ilin noyabrında Novi Sadda təmir edilmiş qatar stansiyasının damının uçması nəticəsində 16 nəfərin həlak olması Serbiyada böyük etirazlara gətirib çıxarıb. Bu aksiyalar prezident Vuçiçin və SNS-in nüfuzuna zərbə vurub. Etirazçılar erkən seçkilərin keçirilməsini tələb ediblər. Hakimiyyət bu tələbləri rədd edib və Vuçiç növbəti etirazların yatırılacağına eyham vurub.

Xatirə SADİQ