Fransız deputatların vizası ləğv edildi - İsraildə

İsrailin Daxili İşlər Nazirliyi (DIN) aprelin 20-dən 24-dək İsrailə və Fələstin ərazilərinə səfər etməyə hazırlaşan 27 fransalı deputatın vizasını ləğv edib.

Apr 21, 2025 - 12:29
Fransız deputatların vizası ləğv edildi - İsraildə

SAVASHMEDİA.az bu barədə “Le Figaro”ya istinadən xəbər verir. 

Fransa nümayəndə heyətinə parlamentdəki ekoloqlar qrupunun üzvləri, eləcə də kommunistlər daxil idi.

“Gedişimizdən iki gün əvvəl İsrail hakimiyyəti giriş vizalarımızı ləğv etdi. Hərçənd, vizalar bir ay əvvəl təsdiq edilmişdi. Kollektiv cəza kimi görünən bu qəfil qərara nəyin gətirib çıxardığını alamaq istəyirik”, - 17 millət vəkilinin Fransa prezidenti Emmanuel Makrona ünvanlanan müraciətində deyilir.

Deputatlar vizanın ləğvini “Fransa dövləti ilə diplomatik münasibətlərin və Respublikanın seçilmiş nümayəndələri kimi səlahiyyətlərinin ciddi şəkildə pozulması” adlandırıblar.

Onlar “dövlətimizin ali orqanından aydın bəyanat” tələb ediblər: “Biz xahiş edirik ki, vəziyyət aydınlaşdırılsın. Nümayəndə heyətimiz respublika prezidenti tərəfindən qəbul edilsin və mümkün olan hər şey edilsin ki, İsrail hakimiyyəti bizə ən qısa vaxtda yeni səfərə icazə versin”.

Fransalı parlamentarilər çərşənbə axşamı Parisdə mətbuat konfransı keçirəcəklərini vurğulayıblar. 

İsrail DİN vizaları ləğv etdiyini təsdiqləyib. Nazirlik bu addımın “İsrail dövlətinə qarşı hərəkət etmək” istəyən şəxslərin ölkəyə girişini qadağan edən qanuna istinadən atıldığını bildirib. 

Makron bu yaxınlarda bildirdi ki, bir neçə ölkə Fələstin dövlətinin tanınmasını iyun ayında Fransa və Səudiyyə Ərəbistanının birgə ev sahibliyi etdiyi BMT konfransında elan edə bilər. Bu açıqlama narazılıq doğurduqdan sonra Fransa prezidenti söhbətin “Həmassız Fələstin dövlətindən” getdiyini vurğuladı. 

İsrailin baş naziri Benyamin Netanyahu Makronla telefon danışığı zamanı onu Fələstin dövlətini tanımaqdan çəkindirib. 

Xatirə SADİQ