Həftəbecər - 3

80 il bundan əvvəl kapitulyasiya aktını 3-cü reyx adından imzalamağa getmiş general-feldmarşal Vilhelm Keytel rüsvaycasına məğlub olmuş Fransa nümayəndəsini orada görüb, istehza ilə demişdi: “Onlar da bizə qalib gəliblər?..”.

May 12, 2025 - 13:17
Həftəbecər - 3

* 9 may 2025-ci il. Moskvanın Gözəl meydanından rus faşizminin alman faşizmi üzərində qələbəsinin 80 illiyinə həsr olunmuş hərbi-siyasi paradından ikicanlı reportaj aparıram.

Mərkəzi tribunada qocaman prezident Putinlə yan-yana, yəni yanları bir-birinin yanına deyərək, dünya liderləri əyləşiblər. Əlifba sırası ilə siyahı Abxaziyadan başlanıb Cənubi Osetiyada bitir. Əlbəttə, XXI əsrin ən böyük döyüş fatehi erməni Paşinyan da buradadır.

Dövlət Universal Mağazasının (ГУМ) tarixi binası qarşısından müxtəlif ölkələrin silahlı qüvvələrinin bölmələri keçir. Üzbəüzdəki ölü arxivi olan mavzoleyin damında dünya proletariatının gəbərməz rəhbəri Leninin və Hitlerin qurbanlıq feldmarşalı Keytelin ruhları əyləşib çoxdan çıxmış gözləri ilə parada tamaşa edir.

Meydandan inamsız addımlarla Vyetnam, Laos, Myanma əsgərləri keçirlər. Keytel 80 il əvvəl Berlində söylədiyi istehzalı sözləri daha yüksək sarkazmla təkrar edir: “Bunlar da bizə qalib gəliblər?..”.

 * Ekoloqlar belə qənaətə çatıblar ki, fəlakət hazırkı sürətlə davam edərsə, Yerin səthində canlılardan yalnız gəmiricilər, qağayılar, tarakanlar (mətbəx böcəkləri) və termitlər (ağ qarışqalar) qalacaq.

 * “YouTube”da sənə nə lazım olduğunu bilmirsənsə, yola çıxma. Bilirsənsə – düz oraya get. Əks halda azarsan, gedib porno-sayta çıxarsan. Evdə qalmaqal düşsə, demə ki xəbərdarlıq etməmişdim...

 * Bizim yalnız dilimiz dad bilir, som balığının – bütün bədəni. Təsəvvür et ki, dükanda almaya əlini toxundurmaqla, onun dadını duyursan. Sonra alırsan, ya almırsan – öz işindir.

 * “Skayp”da 300 milyon istifadəçi var.

“Telegram”da – “cəmi” 1 milyard.

“WhatsApp”da istifadəçilərin sayı 3 milyardı keçib.

 * – Doktor, neçə gündür tualetə gedə bilmirəm.

– Eh, nə böyük şeymiş! Tualetə gedə bilmirsən, get kinoya, teatra, muzeyə, lap sərgiyə yollan.

 * Şəkər tozunun, qəndin hazırlandığı çuğundurun tərkibində şəkər 5 faiz təşkil edir.

Sarımsağın tərkibinin 20 faizi, yəni beşdə bir hissəsi, şəkərdən ibarətdir.

 * Rus xokkeyçisi Aleksandr Oveçkin vurulan şaybalar üzrə rekordu təzələyəndə, Don Tramp iftixar hissi keçirdiyini bildirmışdi.

Çinli Cao Sintun snuker üzrə dünya çempionu oldu, Tramp narahatlığını ifadə etdi ki, belə getsə, çinlilər snukerdə üstün olacaqlar...

 * “İnstagram”ın dünya rekordçusu Kriştiano Ronaldo sosial şəbəkədən ildə 200 milyon dollar qazanır. Keçən il, nəhayət, “YouTube”da kanal açdı, abunəçilərin sayı qısa vaxt ərzində 70 milyonu keçdi. Arada bir müddət hər gün 100 min nəfər əlavə olunurdu. 100 min abunəçi milyonlarla kanal sahibinin həyata keçməyəcək arzusudur.

 * Avstraliyadan Səudiyyə Ərəbistanına ildə yüz milyonlarla ton inşaat işləri üçün qum daşınır. Çünki yerli qumu külək hamarlayıb tikintidə yararsız edir. Həmin ərəb qumunu isə Ərəbistandan bir çox ölkəyə çimərlik üçün aparırlar.

 * Sahəsi cəmi 8500 kvadratmetr olan kiçik meşə zolağı Ginnesin rekordlar kitabına düşüb. Məsələ bundadır ki, bütün meşə yalnız 1 ağacdan ibarətdir. Həmin bitki (keşyu) mutasiyaya uğrayıb. Onun hər hansı budağı sallanıb torpağa dəydiyi yerdə kök atır və yeni ağac əmələ gətirir. İndi budaqlar həmin meşə sahəsindən kənara çıxan kimi, onları kəsirlər.

 * Dünyada ən çox oğurlanan kitabın adı Ginnesin rekordlar kitabına düşüb. Kitabın adı – “Ginnesin rekordlar kitabı”dır.

A.ƏZİZ