“Həmin 3 nəfər sağdır, Qətər gizlədir” - İrandan “icazə verin, özümüz axtaraq” AÇIQLAMASI
İran və Qətər arasında üç iranlı hərbi pilotun taleyi ilə bağlı gərginlik artır: Tehran onların Qətərdə saxlanıldığını iddia edir, Doha isə bu ittihamı qəti şəkildə rədd edir.
SAVASHMEDİA.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin İtkinlərin Axtarışı Komitəsinin rəhbəri Məhəmməd Baqerzadeh Qətərdən iranlı mütəxəssislərdən ibarət araşdırma qrupunun ölkəyə buraxılmasını istəyib.
İran tərəfi bildirir ki, mart ayında baş verən hadisədən sonra itkin düşən üç pilotun taleyini müəyyənləşdirmək üçün mütəxəssislərdən ibarət qrup artıq bir neçə aydır Qətərə daxil olmaq üçün icazə gözləyir. Baqerzadeh Qətəri araşdırmanı gecikdirməkdə ittiham edib və Beynəlxalq Qızıl Xaç Komitəsini məsələyə müdaxilə etməyə çağırıb.
Tehran: “Pilotlar sağdır”
İranın yaydığı məlumatlarda üç pilotun Qətər tərəfindən əsir götürüldüyü iddia olunur. Tehran onların mart ayında hərbi təyyarələrinin Qətərin hava məkanını pozması ilə bağlı insidentdən sonra saxlanıldığını bildirir.
İran tərəfinin iddiasına görə, pilotların taleyi ilə bağlı məlumatın gizli saxlanılması və onların yaxınları ilə əlaqə yaratmasına imkan verilməməsi vəziyyəti daha da müəmmalı edir.
Qətərdən fərqli açıqlama
Doha isə Tehranın iddialarını qəbul etmir. Qətər Xarici İşlər Nazirliyi iranlı pilotların saxlanıldığını qəti şəkildə təkzib edib.
Qətərin açıqlamasına görə, hadisədən sonra aparılan axtarış-xilasetmə əməliyyatı zamanı pilotlardan birinin qalıqları aşkarlanıb. Doha həmin qalıqların İrana qaytarılması üçün Tehranla əlaqə yaratmağa çalışdığını, lakin bununla bağlı lazımi əməkdaşlığın olmadığını bildirib.
Beləliklə, tərəflərin açıqlamaları arasında ciddi ziddiyyət yaranıb: İran üç pilotun sağ olduğunu və Qətərdə saxlanıldığını bildirir, Qətər isə pilotları saxlamadığını və onlardan birinin qalıqlarının tapıldığını açıqlayır.
Tehranın araşdırma qrupunun Qətərə buraxılması tələbinə Dohanın necə cavab verəcəyi isə hələlik məlum deyil.
Oğuz