"Qurban Qurbanov, mənə öyrətdiyin hər şeyə görə..." - Zubir belə VİDALAŞDI

“Qarabağ” klubunun tarixində iz qoyan futbolçulardan olan Abdulla Zubir komandadan ayrılıb.

Aug 16, 2026 - 14:10
"Qurban Qurbanov, mənə öyrətdiyin hər şeyə görə..." - Zubir belə VİDALAŞDI

SAVASHMEDIA.az xəbər verir ki, 34 yaşlı mərakeş əsilli futbolçu karyerasını Qətərin “Əl-Şəhaniyyə” klubunda davam etdirəcək.

Abdulla Zubir sosial şəbəkə hesabında “Qarabağ”la vidalaşaraq klubun rəhbərliyinə, komanda yoldaşlarına, məşqçilər korpusuna və azarkeşlərə təşəkkür edib.

“Səkkiz ildən sonra yeni bir mərhələyə başlamağın vaxtıdır. Bütün kluba, komanda yoldaşlarıma, işçi heyətinə və xüsusilə mənim üçün çox şey ifadə edən baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və öyrətdiyi hər şeyə görə ona minnətdaram.

Ən əsası, mənə göstərdiyiniz inanılmaz sevgiyə görə bütün azarkeşlərə və bütün ölkəyə təşəkkür edirəm. Dəstəyiniz və sevginiz bütün bu illər ərzində mənimlə olub”, - futbolçu bildirib.

Abdulla Zubir 2018-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a transfer olunub. O, Ağdam təmsilçisinin heyətində 369 oyun keçirib və 79 qol vurub. Futbolçunun qollarından 18-i avrokuboklarda qeydə alınıb.

Oğuz