Həyat yoldaşını evdən çıxmağa qoymayan KİŞİLƏR CƏRİMƏLƏNƏCƏK? - Hüquqi İZAH
Sosial şəbəkələrdə həyat yoldaşının evdən çıxmasına icazə verməyən kişilərin 300 manatdan 500 manatadək cərimələnəcəyi ilə bağlı məlumat yayılıb.
SAVASHMEDİA.az məsələni araşdırıb və qanunvericilikdə bununla bağlı hansı müddəaların yer aldığını öyrənib.
Azərbaycanın “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununda məişət zorakılığının müxtəlif formaları müəyyən edilib. Qanunun 1-ci maddəsinə əsasən, məişət zəminində fiziki zorakılıq şəxsin digərinə qəsdən fiziki təzyiq göstərməsi, zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi və azadlıq hüququnu məhdudlaşdırması kimi müəyyən edilir.
Bundan başqa, qanunda məişət zəminində psixi zorakılıq da ayrıca göstərilir. Buraya digər şəxsə qəsdən psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər daxildir.
Məsələnin cərimə tərəfinə gəlincə, İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində məişət zəminində psixi zorakılığa görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulub. Bu maddə həmin hərəkət cinayət məsuliyyəti yaratmadığı halda tətbiq edilir.
Sosial şəbəkələrdə yayılan məlumatda göstərilən 300-500 manatlıq cərimə məbləği doğrudur. Lakin qanunvericilikdə həyat yoldaşını evdən çıxmağa qoymayan kişilərin məhz bu məbləğdə cərimələnməsi ilə bağlı ayrıca norma yoxdur.
Belə hal konkret vəziyyətdən asılı olaraq şəxsin azadlıq hüququnun məhdudlaşdırılması və ya məişət zəminində psixi zorakılıq kimi qiymətləndirilə bilər. Bu halda əmələ hüquqi qiyməti səlahiyyətli orqan verir.
Aytən