Boşanmaq istəyən həyat yoldaşının başını kəsən Əsgər kimdir? - Özünün MÜSAHİBƏSİ + VİDEO
Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin bəzi dəhşətli təfərrüatları məlum olub.
SAVASHMEDİA.az musavat.com-a istinadla xəbər verir ki, hadisə oktyabrın 1-də qəsəbədəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
33 yaşlı Əsgər Hüseynov 3 il əvvəl ailə qurduğu həyat yoldaşı, 31 yaşlı Şəhanə İmanovanı kəsici alətlə amansızcasına qətlə yetirib.
Hadisə şahidi olan qonşulardan birinin sözlərinə görə, 15 yaşlı oğlan kənara qaçaraq fəryad edib və kömək istəyib:
"15 yaşında oğlan uşağı qışqıra-qışqıra gəldi ki, kömək elə, kəsir. Mən də elə bildim əlini kəsib. Getdim gördüm, gəlin qapının ağzında uzanıb. Başını kəsib, saçları da üzünə tökülüb..."
Həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.
1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseynov Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən (MAXE) hərbi qulluqçu olub. O, Xüsusi Təyinatlı Həmlə Taborunun tərkibində 44 günlük Vətən müharibəsində iştirak edib.
Füzuli, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlərdə vuruşan Əsgər Hüseynov düşmən pusqusuna düşərək 3 yerindən ağır yaralanıb.
Snayper gülləsi nəticəsində qolu parçalanan, döyüş yoldaşları gözü önündə şəhid olan və ermənilər tərəfindən ölmüş zənn edilərək soyulan qazi möcüzə nəticəsində sağ qalıb.
O, müsahibələrinin birində döyüş meydanında keçirdiyi dəhşətli anları belə təsvir etmişdi:
"Dizimdən yaralandım, snayper gülləsi qolumu qopardı, qolum sümük parçasından asılı qaldı. Çoxlu qan itirirdim, susuzluqdan öz qanımı içməyə məcbur oldum..."
Ağır döyüş travma və yaraları almış Vətən müharibəsi iştirakçısının törətdiyi bu amansız cinayət cəmiyyətdə böyük şok və təəssüf doğurub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.