İnsult nədir? – Növləri, əlamətləri və səbəbləri 

İnsult (tibbi adı ilə serebrovaskulyar insult və ya beyin insultu)  beynin qan dövranının qəfil və ciddi şəkildə pozulması nəticəsində yaranan vəziyyətdir. 

Jun 2, 2025 - 02:09
İnsult nədir? – Növləri, əlamətləri və səbəbləri 

SAVASHMEDİA.az xəbər verir ki, bu zaman beyin hüceyrələrinə oksigen və qida maddələri çatmadığı üçün onların fəaliyyəti dayanır və hüceyrələr ölməyə başlayır. İnsult çox ciddi vəziyyətdir və tez tibbi müdaxilə tələb edir.

İnsultun işemik və hemorragik olmaqla 2 növü var.

İşemik insult (təxminən 85% hallarda)

Beyin damarının tıxanması nəticəsində qan axını dayanır. Əsas səbəbi damar sərtliyi (ateroskleroz) və qan laxtalanmasıdır.

Hemorragik insult

Beyin damarının partlaması nəticəsində beyin daxilində qanaxma olur. Səbəbi yüksək qan təzyiqi, anevrizma və travmalardır. Əsasən yüksək qan təzyiqi səbəbindən yaranır.

İnsultun əlamətləri

İnsultun əlamətləri qəfil ortaya çıxır və əsasən aşağıdakılardan ibarət olur:
-    Üzün bir tərəfində iflic və ya əyilmə (məsələn, gülərkən bir tərəf aşağı düşür)
-    Qolda və ya ayaqda zəiflik və ya iflic (xüsusilə bir tərəfdə)
-    Nitqdə pozğunluq: anlaşılmaz və ya çətin danışma
-    Görmə problemləri (bir və ya hər iki gözdə)
-    Başgicəllənmə, tarazlığın itməsi
-    Kəskin və səbəbsiz baş ağrısı
-    Şüur itməsi və ya huşun pozulması

İnsultun səbəbləri

İnsultun yaranma səbəbləri müxtəlifdir. Lakin əsas səbəbləri hipertoniya (yüksək qan təzyiqi),yüksək xolesterin, şəkərli diabet, siqaret çəkmə, alkoqol istifadəsi, idman və hərəkətsizlik, stress və zehni gərginlik, irsi faktorlardır.

Qeyd: İnsult keçirən xəstə həyatda qala bilər. Bunun üçün insult şübhəsi yaranan anda vaxt itirmədən, dərhal təcili tibbi yardım çağırılmalıdır. Erkən müdaxilə beyin zədələnməsini azalda və həyat qurtara bilər.

Banu