Keçmiş müşavir Trampın siyasətini “xaotik” adlandırdı 

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton keçmiş rəhbəri Donald Trampın Ukrayna ilə bağlı siyasətini tənqid edib.

Aug 26, 2025 - 15:56
Keçmiş müşavir Trampın siyasətini “xaotik” adlandırdı 

SAVASHMEDİA.az xəbər verir ki, onun tənqidi məqaləsi “Washington Examiner” jurnalında dərc olunub.

Ölkə prezidentinin bu istiqamətdə siyasətini “razılaşdırılmamış və xaotik” adlandıran Bolton qeyd edib ki, Trampın Rusiya, Ukrayna və Avropa ilə təşkil etdiyi danışıqlar “ola bilər ki, Nobel Sülh Mükafatı uğrunda kampaniyası kimi bu da son nəfəsidir”.

Keçmiş diplomat hesab edir ki, respublikaçının son iki həftə ərzində göstərdiyi səylər Ukraynada sülhü və ədalətli nizamlanmanı həmişəkindən daha uzaqlaşdırıb.

Boltonun məqaləsi Federal Təhqiqatlar Bürosunun (FTB) onun evinə basqın etməsindən bir neçə gün sonraya təsadüf edib.

Bundan əvvəl Bolton 2020-ci ildə nəşr olunan “The Room Where It Happened” kitabına məxfi məlumatları daxil etməkdə ittiham olunurdu. Tramp keçmiş müşavirinin kitabının nəşrdən çıxarılmasını tələb edirdi. O, bu tələbini Boltonun məlumatın yayılmaması haqqında müqaviləni pozması və kitaba milli sirləri daxil etməsi ilə izah edirdi. 

Xatırladaq ki, Con Bolton 2005–2006-cı illərdə ABŞ-nin BMT-dəki səfiri olub. 2018–2019-cu illərdə prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb. O, prezidentin xahişi ilə istefa verib. Tramp onun işdən çıxarılmasına səbəb kimi fikir ayrılıqlarını göstərib. 

Bolton dəfələrlə Trampın xarici siyasəti ilə bağlı kəskin qiymətləndirmələrlə çıxış edib. O, prezidentin əsas qərarları qısamüddətli mülahizələrə əsaslanaraq verdiyini iddia edib. 

Avqustun 15-də Alyaska sammitindən sonra Bolton bildirib ki, Putin danışıqlarda “qalib gəlib. “Tramp yeni görüşlərdən başqa heç nə ilə sudan quru çıxmadı”, - deyə Bolton vurğulayıb.

Xatirə SADİQ