Klaviaturada "Azərbaycanı döyəcləyən"lər, bu bayraq tanış gəlir?

İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk etməyən azərbaycanlı diplomatın davranışı Türkiyədə etirazla qarşılanıb.

Sep 27, 2026 - 13:14
Klaviaturada "Azərbaycanı döyəcləyən"lər, bu bayraq tanış gəlir?

İsrailin Fələstində soyqırım törətməsi iddiasını önə çəkən bəzi dairələr Bakını islam təəssübkeşliyindən uzaqlaşmaqda, islam dünyasına arxa çevirməkdə və bu qəbildən olan bir sıra mövzularda ittiham edir.

Türkiyə mediası və mətbuatı neçə gündür, Azərbaycana qarşı "xəyanət" şüarları hayqırır, ağız deyəni qulaq eşitmir. Qışqıran, klaviaturada "Azərbaycanı döyəcləyən" bu Osmanlı təəssübkeşlərinun isə YADDAŞ DƏRSİnə ehtiyacları var.

Yaddaş dərsinin ilk səhifəsində isə yazılıb ki, əsl xəyanət tarixi, həm də uzaq olmayan tarixi unutmaqdır. Bəs uzaq olmayan həmin tarixdə nələr var?

Həmin tarixdə Fələstin bayrağı var. Fələstin bayrağının türk düşmənçiliyindən yoğrulan yaranış tarixçəsi var.

Görəsən, "Osmanlı torunları" nə tez unutdu ki, bu gün Fələstinin milli simvolu olan qara, ağ, yaşıl və qırmızı rəngli bayrağın tarixi 1916-cı ildə Osmanlıya qarşı başlayan Ərəb üsyanına gedib çıxır.

Həmin il Məkkə şərifi Hüseyn bin Əli Osmanlı İmperiyasına qarşı üsyan elan edib. Ərəb millətçiliyinin simvoluna çevrilən qara, ağ, yaşıl və qırmızı rənglər də məhz həmin üsyan zamanı türklərlə mübarizədə istifadə olunub. Sonradan bu rənglər pan-ərəb rəngləri kimi tanınıb.

Fələstinin milli hərəkatı da sonrakı illərdə həmin bayraqdan istifadə etməyə başlayıb. Bayrağın müasir forması isə 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı tərəfindən qəbul edilib.

Qısası, bu gün Fələstin bayrağında gördüyümüz rənglər özündə Osmanlıya qarşı Ərəb üsyanının izlərini daşıyır.

Fələstin bayrağının bu gün daşıdığı məna və onun milyonlarla insan üçün ifadə etdiyi dəyər isə ayrıdır. Amma Azərbaycanı həmin bayraq üzərindən “xəyanət”də ittiham edənlərin onun tarixinin bu tərəfini də xatırlaması yerinə düşərdi.

Xatırlayın, qardaşlar! Unutmayın, bacılar! 

İstəsəniz "kendinizı də dönə bilərsiniz", deyilənə görə, onda böyük olursunuz.

Türkə böyük olmaq yaraşır.

Zülfüqar SAVAŞ