Kürd silahlıları İran sərhədini keçdi - SEPAH əməliyyata başladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində keçirilən xüsusi əməliyyat zamanı İran ərazisinə daxil olmağa çalışan silahlı qrupun zərərsizləşdirildiyini açıqlayıb.

Jul 2, 2026 - 23:20
Kürd silahlıları İran sərhədini keçdi - SEPAH əməliyyata başladı

SAVASHMEDİA.az SEPAH-ın Quru Qoşunlarının "Həmzə Seyid əş-Şühəda" qərargahının yaydığı məlumata istinadla xəbər verir ki, qrupun məqsədi ölkə ərazisində diversiya və terror aktları törətmək olub. 

Bildirilir ki, təhlükəsizlik qüvvələri əvvəlcədən əldə olunan kəşfiyyat məlumatları əsasında silahlıları sərhəd bölgəsində müəyyən edərək əməliyyata başlayıb.

Açıqlamada əməliyyatın İranın Qərbi Azərbaycan əyalətində, Mahabad və Piranşəhr şəhərləri arasındakı dağlıq ərazidə keçirildiyi qeyd olunub. SEPAH-ın iddiasına görə, qarşıdurma zamanı silahlı qrupun bütün üzvləri məhv edilib, onların üzərindən müxtəlif silah-sursat və hərbi ləvazimatlar götürülüb.

SEPAH-ın məlumatına görə, əməliyyat zamanı zərərsizləşdirilən silahlılar qadağan olunmuş İran Kürdüstanı Demokrat Partiyasının (PDKI) üzvləri olub. İran hakimiyyəti bu təşkilatı separatçı silahlı qruplaşma hesab edir.

Oğuz