FIFA futbolun qaydalarını dəyişdi - Artıq belə oynanılacaq

FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən 2026-cı il Dünya Çempionatında sınaqdan keçirilən yeni qaydalar müsbət nəticələr verib və həmin qaydalar qalıcı ola bilər.

Jul 2, 2026 - 21:57
FIFA futbolun qaydalarını dəyişdi - Artıq belə oynanılacaq

SAVASHMEDİA.az xəbər verir ki, FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın sözlərinə görə, əsas məqsəd oyunda vaxt itkisini azaltmaq, matçların tempini artırmaq və səhvsiz hakim qərarlarının  qəbul edilməsini təmin etmək olub.

Dünya çempionatında diqqət çəkən 5 əsas yenilik isə bunlardır:

1. Aut və qapı zərbələri üçün 5 saniyə limiti

Futbolçular aut və qapı zərbələrini qəsdən gecikdirə bilməz. Hakim son 5 saniyəni geri sayır. Müddət başa çatarsa, aut rəqib komandaya verilir, qapı zərbəsi gecikdirildikdə isə rəqib künc zərbəsi qazanır.

2. Əvəzlənən futbolçu 10 saniyə ərzində meydanı tərk etməlidir

Əvəzlənən oyunçu 10 saniyə ərzində meydandan çıxmasa, onu əvəz edəcək futbolçu 1 dəqiqə meydana daxil ola bilmir və komanda həmin müddətdə azlıqda oynayır.

3. Zədədən sonra futbolçu 1 dəqiqə kənarda qalacaq

Müalicə alan futbolçu, təcili hallar istisna olmaqla, oyun bərpa edildikdən sonra ən azı 1 dəqiqə meydandan kənarda qalmalıdır. Bu qayda vaxt uzatmalarının qarşısını almaq məqsədi daşıyır.

4. VAR-ın səlahiyyətləri genişləndirilib

Video Köməkçi Hakim (VAR) artıq bəzi əlavə epizodlara da müdaxilə edə biləcək. Buraya yanlış künc zərbəsi qərarları və bəzi səhv intizam qərarları da daxildir.

5. Ağızını əli və ya forması ilə örtərək təhqir edən futbolçu qırmızı vərəqə ala bilər

Hakim oyunçunun bu yolla təhqiramiz və ya ayrı-seçkilik xarakterli ifadələr işlətdiyini müəyyən edərsə, birbaşa qırmızı vərəqə göstərə bilər.

Kollina bildirib ki, qrup mərhələsində yeni qaydalar özünü doğruldub. Onun sözlərinə görə, futbolçular və məşqçilər dəyişikliklərə tez uyğunlaşıb, vaxt itkisi xeyli azalıb və oyunların dinamikası yüksəlib. FIFA hesab edir ki, bu yeniliklər gələcək beynəlxalq turnirlərdə də futbolun keyfiyyətinin artırılmasına xidmət edəcək.

Oğuz