Laricaninin yerinə keçən təkayaq Səid kimdir? - Atası kürd, anası isə... + DOSYE

İran Əli Laricaninin ölümündən sonra Səid Cəlilini onun yerinə nüvə proqramı üzrə baş nümayəndə təyin edib.

Mar 18, 2026 - 16:10
Laricaninin yerinə keçən təkayaq Səid kimdir? - Atası kürd, anası isə... + DOSYE

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. 

Məlumata görə, bundan sonra nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlarda İranı Səid Cəlili təmsil edəcək.

Səid Cəlili kimdir?

Səid Cəlili 6 sentyabr 1965-ci ildə Məşhəddə doğulub. Atası kürd, anası Cənubi Azərbaycanlıdır. Cəlili İmam Sadiq Universitetində siyasi elmlər üzrə təhsil alıb və doktorluq dərəcəsi qazanıb. Daha sonra universitetdə müəllim kimi fəaliyyət göstərib.

İran-İraq müharibəsində (1980-1988-ci illər) iştirak edib. Müharibədə ağır yaralanaraq sağ ayağını itirib. Buna görə tərəfdarları onu “canlı şəhid” adlandırırlar.

Siyasi fəaliyyətinə İran Xarici İşlər Nazirliyində başlayan Cəlili burada müxtəlif vəzifələrdə çalışıb. O, xüsusilə Avropa və Amerika məsələləri üzrə müavin kimi tanınıb. Daha sonra ali dini lider aparatında fəaliyyət göstərərək dövlətin xarici siyasət xəttinin formalaşdırılmasında iştirak edib.

Prezident Mahmud Əhmədinejad 2007-ci ildə onu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edib. Bununla da İranın nüvə danışıqları üzrə əsas nümayəndəsi olub. Cəlili Qərblə aparılan nüvə danışıqlarında sərt və güzəştsiz mövqeyi ilə seçilib. 2015-ci ildə altı beynəlxalq vasitəçi və İran arasında əldə olunmuş nüvə sazişinə qarşı çıxıb.

O, 2013, 2021 və 2024-cü illərdə İranda keçirilmiş prezident seçkilərində iştirak edib. Cəlili 2013-cü il seçkilərində üçüncü yeri tutub. 2021-ci il seçkilərində namizədliyini Əli Xameneinin istəyi ilə İbrahim Rəisinin xeyrinə geri götürüb. 2024-cü il seçkilərində yalnız ikinci turda hazırkı Prezident Məsud Pezeşkiana məğlub olub.

İranda Cəlilini radikal xəttin təmsilçisi kimi tanıyırlar. Tərəfdarları Cəlilini prinsipial siyasətçi, tənqidçilər isə kompromisə meyilsiz fiqur hesab edir. Səid Cəlilinin yenidən ön plana çıxması ölkə daxilində sərt xətt tərəfdarlarının mövqeyinin güclənməsi kimi qiymətləndirilir. 

Cəlili ilə Əli Laricanı arasındakı əsas fərq

Analitiklər bildirirlər ki, Cəlili ilə öldürülən sabiq təhlükəsizlik rəsmisi Əli Laricani arasında əsas fərq onların həm daxili idarəetmə, həm də xarici siyasət məsələlərinə yanaşmasında olub. Belə ki, Cəlili kompromisə getməyən, Laricani isə praqmatik xəttin nümayəndəsi sayılıb.

Cəlili İranın nüvə danışıqlarında baş nümayəndə kimi fəaliyyət göstərərkən Qərblə münasibətlərdə sərt ritorika nümayiş etdirib və nüvə proqramının İranın dəyişməz hüququ olduğunu müdafiə edib. Əli Laricani isə eyni vəzifədə çalışdığı dövrdə daha çevik diplomatik yanaşma tərəfdarı kimi qəbul olunub və sonrakı illərdə beynəlxalq təmaslarda daha praqmatik siyasətçi kimi tanınıb.

Cəlili uzun illər Əli Xameneiyə ən yaxın siyasətçilərdən biri hesab olunub. O, ali rəhbərlik aparatında çalışıb və siyasi qərarların hazırlanmasında iştirak edib. Laricani isə həm parlament, həm təhlükəsizlik sistemi, həm də diplomatik kanallar arasında əlaqələndirici fiqur kimi çıxış edib. Bu səbəbdən Laricani müxtəlif siyasi qruplar arasında balans yarada bilən şəxs sayılıb.

Ekspertlərə görə, Səid Cəlilinin təsir imkanlarının genişlənməsi İranın nüvə danışıqlarında daha sərt mövqeyə keçməsinə səbəb ola bilər. Onun qərarverici mövqedə olmasının Tehran–Qərb münasibətlərində yeni gərginlik yarada biləcəyi ehtimal edilir.

Banu