Marko Rubio ölkəsinin Çin dilemmasından danışdı 

ABŞ dövlət katibi Marko Rubio ölkəsinin Rusiya və Çin arasında münasibətlərin strategiyasını açıqlayıb. 

Feb 27, 2025 - 12:35
Marko Rubio ölkəsinin Çin dilemmasından danışdı 

SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbəbr verir. 

O, qeyd edib ki, Vaşinqton nüvə gücləri arasında münaqişə yaratmadan onların əlaqələrini zəiflətməyə çalışır.

“Bilmirəm, biz onları (rusları - red.) çinlilərlə münasibətlərindən nə vaxtsa tamamilə ayıra biləcəyik, ya yox. Mən də düşünmürəm ki, Çin və Rusiyanın bir-birinin boynuna asılması qlobal sabitlik üçün faydalıdır, çünki hər ikisi nüvə dövlətidir".

Marko Rubio xəbərdarlıq edib ki, Moskva əgər Pekinin kiçik tərəfdaşına çevrilərsə, Çin və Rusiya arasında gələcək yaxınlaşma ABŞ üçün problemə çevriləcək. Sanksiyalar Rusiya iqtisadiyyatını təcrid etsə də, Çinlə ticarət Kremlin ayaqda qalmasına kömək edir.

“Biz elə vəziyyətə düşə bilərik ki, Rusiya ABŞ ilə münasibətlərini yaxşılaşdırmaq istəsə də, istəməsə də, bunu edə bilməyəcək. Çünki biz onu kəsdiyimiz üçün Çindən tamamilə asılı vəziyyətə düşüb. Bizim üçün ən yaxşı nəticə münasibət qurmaqdır”, - deyə Rubio iddia edib.

Rubio ölkəsinin Çinlə münasibətlərini “XXI əsrin qüdrətli tarixi” kimi səciyyələndirib. O, deyib ki, Vaşinqtonun həm Pekin, həm də Moskva ilə fikir ayrılıqları və qarşıdurmaların olacaq, lakin hər ikisi ilə münasibətlərin saxlanılması mühümdür. 

“Bunlar nüvə silahına malik böyük, güclü ölkələrdir. Onlar güclərini bütün dünyaya proyeksiya edə bilirlər. Düşünürəm ki, biz diplomatik münasibətlərdə yetkinlik və tədbirlilik anlayışını itirmişik”, - deyə Rubio əlavə edib.

Bəzi analitiklər hesab edirlər ki, Donald Trampın Moskvaya yaxınlaşması Rusiyanı Çinlə küsdürmək məqsədilə həyata keçirilir. 53 il əvvəl ABŞ prezidenti Riçard Nikson belə addım atmışdı. O, Çinə səfər edərək Moskvanın təsirini zəiflətməyə və Pekini Vaşinqtona yaxınlaşdırmağa nail olmaqla onilliklər ərzində qlobal güc balansını dəyişdi.

Xatirə SADİQ