Marneulidəki seçki saxtakarlığı “müxalifətin təxribatı" adlandırıldı
“Gürcü Arzusu” hakim partiyasından olan deputat Rövşən İskəndərov parlament seçkiləri zamanı bülletenlərinin topa halda seçki qutusuna atılmasını müxalifətin təxribatı adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
İsgəndərovun sözlərinə görə, müxalifət nümayəndələri seçki məntəqəsində seçki qaydalarını görünməmiş həyasızlıqla pozublar. O, iddia edib ki, müxalifət “Gürcü arzusu”nun potensial seçicilərinə bülletenlərini qutuya qoymağa imkan vermirdilər.
“Emosiyalarımı saxlaya bilməyib, hirslə bülletenləri onların əlindən qoparıb, seçki qutusuna atdım. Belə ki, mən seçkiləri saxtalaşdırmağa çalışmırdım, bu, müxalifətin yaxşı planlaşdırılmış təxribatı idi”, - deyə İskəndərov vurğulayıb.
Oktyabrın 26-da keçirilən səsvermə günü Marneulidəki seçki məntəqəsində iki nəfərin bülletenləri qutuya doldurmasını əks etdirən video yayılıb. Həmin gün bu məntəqədə nəticələr ləğv edildi.
Oktyabrın 31-də polis iki şübhəlini – deputat Rövşən İskəndərovu və 1990-cı il təvəllüdlü E.İ. adlı şəxsi saxlayıb. Onları seçki saxtakarlığı maddəsi üzrə iki ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, 5 faizlik baryeri keçən 4 siyasi partiya seçkilərin nəticələrini tanımaqdan və parlamentə daxil olmaqdan imtina edib. Müxalifətin növbəti etiraz aksiyası noyabrın 4-nə təyin olunub.
Xatirə SADİQ