“Mən ölürdüm” – Telegram-ın qurucusu
Rusiya-Fransa biznesmeni, Telegram-ın qurucusu Pavel Durov 2018-ci ildə onu zəhərləməyə cəhd göstərildiyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Durov bu barədə amerikalı podkaster Leks Fridmana müsahibəsində danışıb.
Əvvəllər bu barədə heç vaxt publikaya danışmadığını vurğulayan Pavel Durovun sözlərinə görə, hadisə 2018-ci ilin yazında olub. Həmin vaxt Telegram TON blokçeyn layihəsi üçün vəsait toplamağa çalışırdı. Bundan əlavə, bir neçə ölkə (o, müsahibəsində İran və Rusiyanı xatırladıb) messenceri bloklamağa cəhd edirdi. Bu səbəbdən Durov hesab edib ki, zəhərlənmədən danışmağın vaxtı deyil.
“Mən əvvəllər heç vaxt xəstə olmamışam. Mənim ideal səhhətim var. Nadir hallarda başım ağrıyır və öskürək olur. Mən həb qəbul etmirəm – mənə lazım deyil. Bu, həyatımda yeganə an idi ki, mən sanki ölürdüm”, - deyə Telegram-ın qurucusu vurğulayıb.
O, deyib ki, kirayələdiyi taunhausda qəribə qonşusu olub və həmin şəxs qapıda Durov üçün nəsə qoyub. “Bir saat sonra, artıq yataqda uzananda, mən isə tək yaşayırdım, mənə çox pis oldu. Bütün bədənimdə ağrı hiss etdim. Ayağa qalxıb vanna otağına getməyə çalışdım, amma ora gedərkən hiss etdim ki, vücudum imtina edir. Əvvəlcə görmə və eşitmə, sonra nəfəs almaq çətinləşdi. Bütün bunlar çox kəskin ağrılarla müşayiət olunurdu: ürək, mədə, bütün damarlar... Nəfəs ala bilmirdim və heç nə görə bilmirdim... Düşündüm ki, bu, sondur”, - deyə Durov xatırladıb.
Bisnesmenin sözlərinə görə, döşəməyə yıxılıb, ertəsi gün döşəmədə oyanıb, artıq hava işıqlanıb. O, “vəhşicəsinə zəiflik” hiss edib və bədəninin hər tərəfində damarların partladığını görüb. “Sonra iki həftə yeriyə bilmədim. Mən evdə oturdum və komandama bunu danışmamağı qərara aldım. Amma ağır idi”, - deyə Durov əlavə edib.
Qeyd edək ki, Pavel Durov Rusiyanı 2014-cü ildə tərk edib, lakin o vaxtdan bəri oraya ən azı 50 dəfə səfər edib.
Xatirə SADİQ