Naziri timsahlara yedizdirib, 14 arvadı var - Geyimi ilə diqqət çəkən III Msvatinin DOSYESİ
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyasına milli geyimdə qatılan Esvatini Krallığının hökmdarı III Msvati xüsusi marağa səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, əvvəllər Svazilend kimi tanınan ölkənin ömürlük kralı olan III Msvati beynəlxalq tədbirlərdə milli geyimdə görünməsi və qeyri-adi həyat tərzi ilə tez-tez dünya mediasının gündəminə düşür.
Bəs kimdir Msvati?
III Msvati 1968-ci ildə anadan olub və 18 yaşında kral elan edilib. Çoxsaylı həyat yoldaşları, dəbdəbəli həyatı və sərt idarəetmə üsulu ilə tez-tez dünya mediasının tənqidlərinə tuş gəlir. Kralın 14 həyat yoldaşı və 36 övladı var. Xarici KİV-lərin yazdığına görə, III Msvati dəbdəbəli həyatı və böyük sərvəti ilə Afrikanın ən zəngin monarxlarından biri hesab olunur. Onun lüks avtomobil kolleksiyası, şəxsi təyyarələri və bahalı sarayları ilə bağlı xəbərlər illərdir müzakirə edilir.
2011-ci ildə isə kral ailəsi ilə bağlı qalmaqal dünya mediasında uzun müddət müzakirə edildi. Belə ki, həmin vaxt kralın arvadlarından biri ədliyyə naziri ilə oteldə yaxalanmışdı. Qadın sonradan əfv edilsə də, nazirin timsahlara yem edildiyi bildirlir.
III Msvati 2018-ci ildə ölkənin adını rəsmi olaraq Esvatini olaraq dəyişdirib. Kral bunu “Svazilend” adının tez-tez “İsveçrə” ilə qarışdırılması ilə əlaqələndirib. “Esvatini” sözü svati dilində “svazilərin torpağı” mənasını verir.
Qeyd edək ki, III Msvati Azərbaycana ilk dəfə gəlmir. O, 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısında da iştirak etmişdi.
Afrikanın ən kiçik dövlətlərindən biri sayılan Esvatinidə idarəetmə forması mütləq monarxiyadır. Ölkədə əsas siyasi, hüquqi və icraedici səlahiyyətlər kralın əlində cəmləşib. Parlament iki palatadan ibarət olsa da, deputatların mühüm hissəsi birbaşa kral tərəfindən təyin edilir.
Beynəlxalq insan haqları təşkilatları isə uzun illərdir Esvatinidə siyasi azadlıqların məhdudlaşdırıldığını, müxalif fəaliyyətə ciddi nəzarət olunduğunu bildirirlər.
Oğuz