Panik atak nədir? – Əlamətləri və səbəbləri
Panik atak qəfil başlayan, çox güclü qorxu, təşviş və fiziki əlamətlərlə müşayiət olunan psixoloji pozuntudur.
Tutmalar 10-20 dəqiqə bəzən isə daha uzun müddətli ola bilər. İlk dəfə panik atakı tutanlar infarkt keçirdiklərini, dəli olduqlarını, hətta ölmək üzrə olduqlarını düşünə bilərlər.
SAVASHMEDİA.az xəbər verir ki, panik atak həm fiziki, həm də emosional əlamətlərlə özünü göstərə bilər.
Panik atakın fiziki əlamətlərinə sürətli və ya nizamsız ürək döyüntüsü (taxikardiya), sinədə ağrı və ya sıxılma hissi (infarkt qorxusu yarada bilər), tərləmə (soyuq və ya isti), nəfəs darlığı və ya boğulma hissi, titrətmə və ya bədənin əsəməsi, başgicəllənmə və ya huşunu itirəcəkmiş kimi hiss etmə, qarında ağrı və ya ürək bulanma, əl və ayaqlarda keyləşmə və ya iynə batması hissi, bədəndən elektrik keçməsi hissi aiddir.
Psixoloji əlamətlərə isə ölüm və nəzarəti itirmək, güclü təşviş və yer dəyişmək ehtiyacı aiddir.
Panik atakın səbəbləri həm bioloji faktorlar (genetik meyillilik, beyində bəzi hormonların balanssızlığı, mərkəzi sinir sistemində həssaslıq), həm də psixoloji və sosial faktorlar (uşaqlıq travmaları, uzunmüddətli stress və ya qorxu halları, depressiya və ya digər təşviş pozuntuları, qəfil dəyişikliklər, məsələn, boşanma, itki, işdən çıxma və s) ola bilər.
Panik atakınız tutubsa, dərindən nəfəs alıb verin, ətrafı seyr edin, özünüzü təhlükəsiz mühitdə olduğunuza və hər şeyin yaxşı olacağına inandırın, tutmanın bir müddət sonra sizi tərk edəcəyini özünüzə təlqin edin.
Əgər panik atakınız tez-tez tutursa, gündəlik həyatınıza işinizə, ailə münasibətlərinizə mənfi təsir edirsə, tutmalar zamanı sizdə intihara cəhd kimi fikirlər yaranırsa, mütləq mütəxəssisə müraciət edin.
Banu